Minalanmış ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2021-ci ildə innovativ həllərin, yeni texnologiyaların tətbiqi çərçivəsində multisensor cihazlar ilə təchiz edilmiş dronlar vasitəsilə kənardan tədqiq edilməsinə başlanılıb.
Apa xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib. Bildirib ki, yeni texnologiyanın tətbiqi nəticəsində işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 18 min hektar olan müxtəlif sahələr üzrə təhlükəli obyektlər və onların koordinatlarını əks etdirən məlumatlar Agentliyə təqdim olunub: "Qarşıya qoyulmuş məqsədlərə nail olmaq və vəzifələrin icrasını təmin etmək məqsədilə 2021-ci ildə Agentliyin ümumi işçi heyətinin sayı 540 nəfərdən 902 nəfərə çatdırılıb.
Bununla yanaşı , 2021-ci ilin əvvəlində fəaliyyətə 248 nəfərlik əməliyyat heyəti ilə başlayan Agentlik ilin sonunda bu sayı 487 nəfərə çatdırıb”.
Bildirilib ki, 2021-ci ildə ümumilikdə 24 baş minaaxtaran itin dəstəyindən istifadə olunub".
Hesabatda qeyd edilib ki, 2021-ci ildə sifariş edilmiş 240 ədəd minaaxtaran detektor ölkəyə gətirilib: "Hesabat ilinin əvvəlində Agentliyin balansında 6 minaaxtaran maşın mövcud istifadə üçün Agentliyin istismarına verilib. Onlardan partlayış nəticəsində təmirə yararsız vəziyyətə düşmüş 1 maşın istisna olmaqla, qalanları həyata keçirilən minatəmizləmə fəaliyyətinə cəlb olunub. Eyni zamanda, 2021-ci ildə bağlanılmış müqavilələr üzrə həmin ilin dekabr ayında əlavə olaraq 4 minaaxtaran maşının ölkəyə gətirilməsi təmin edilib.
İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi imkanlarının artırılması məqsədilə Agentlik tərəfindən 4 özəl qurumun işçi heyətinin bu sahədə bilik və bacarıqlarının artırılmasına , eləcə də kadr potensialının gücləndirilməsinə başlanıb".