Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib backend

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib.



DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə avqustun 17-də imzaladığı sərəncamlardan irəli gələn böyük ruh yüksəkliyi ilə keçən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib.

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gündən-günə möhkəmlənməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, Vətənimizin hüdudlarının etibarlı şəkildə qorunması qeyd edilib.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığının yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanıb.

Tədbirdə ali hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif ediliblər.
Diaspora