2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 6 dairənin nəticələrini ləğv edib. Hazırda Milli Məclisdə 6 deputatın yeri boş qalıb və həmin deputatların seçki dairələrində əlavə seçkilər keçirilməlidir. Məlumata görə, seçkilər mart-aprel aylarında keçirilə bilər. Daha bir məlumata görə,11 dairədə seçki keçiriləcək, 4-5 dairə deputatı isə yüksək vəzifəyə təyin olunacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ay öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi gözlənilir. Lakin MSK sədri dəqiq zaman bildirməmiş, bunun yaxın zamanda gerçəkləşəcəyini qeyd etmişdi.
Prezident İlham Əliyevin sərəncamı ilə deputat Şahin Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması ilə həm parlamentə təkrar seçkilər, həm də Ş.Seyidzadənin millət vəkili kimi hüququnun ləğv olunması məsələsi gündəmə gəldi.
Şahin Seyidzadə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Parlamentin Gənclər və idman komitəsi, Elm və təhsil komitəsinin üzvüdür. Yeni vəzifəyə təyinat onun parlamentdən gedişini şərtləndirirmi?
Qanunvericiliyə görə, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Tural Abbaslı
Ağ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, qanunvericiliyə görə vəzifədə olan şəxslər parlamentdə təmsil oluna bilməzlər. Bəlli kvotaya görə xüsusi şəxslərə icazə verilə bilər: “Düşünürəm ki, əgər Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda çalışacaqsa, qanunvericilik orqanına zaman qalmayacaq. Əksinə, qanunvericiliklə məşğul olacaqsa, qoruğun işlərinə vaxtı qalmayacaq. Həm işin keyfiyyəti baxımından, həm də parlamentdə daha peşəkar insanların toplaşa bilməsi üçün Seyidzadə parlament üzvlüyündən getsə, daha yaxşı olar. Zatən,6 boş yer var, biri də artsa, ziyan etməz. Təkrar seçkilərdə nə qədər boş yer olsa və o boş yerlərə nə qədər çox siyasi cəmeəni təmsil edən insanlar düşsə, Azərbaycan üçün faydalı olar. YAP Azərbaycanın ən böyük partiyası kimi Seyidzadənin yerinə başqa namizəd təklif edə bilər”.
Fazil Mustafa
Millət vəkili Fazil Mustafanın fikrincə, Ş.Seyidzadə parlamentdə layiqli təmsil olunub: “O ki qaldı deputat kimi fəaliyyətinin dayandırılmasına, publik hüquqi şəxslərə istisnalar tətbiq olunur. Digər hallarda deputatların fəaliyyətləri dayandırılır. Amma istənilən halda, konkret situasiya araşdırılmalıdır. Boş qalan yerlərə seçkilərlə bağlı məndə məlumat yoxdur. Mən YAP-ın üzvü deyiləm və belə bir məlumatı almağımız mümkün deyil”.
Vəkil Əsabəli Mustafayev bildirdi ki, konstitusiyaya görə həm deputat, həm də məmur olmaq qadağandır: “Xüsusilə, kommersiya strukturlarında paralel fəaliyyət yolverilməzdir. Hesab edirəm ki, deputat istefa verməlidir. Lakin təcrübədə görünən odur ki,icra strukturuna keçsə də, millət vəkili olanlar var. Əvvəllər bu kimi hallara daha çox rast gəlinirdi, indi daha az. Ş.Seyidzadənin deputat kimi fəaliyyətini davam etdirəcəyi ilə bağlı ehtimal ola bilər.Qanunvericiliyə görə deputatlığa namizədlər deputatlığa uyğun gəlməyən vəzifələr tuturlarsa, seçiləcəkləri halda bu vəzifələrdən istefa verəcəklərinə dair istefa ərizəsi yazırlar. Bu, məcburidir. Deputatlar yalnız elmi, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər”.