Əfqanıstan müharibəsi veteranları Bakıya qayıdıb

Əfqanıstan müharibəsi veteranları Bakıya qayıdıb backend

Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb. QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib.

Şəhidlər Xiyabanını ziyarətlə başlanan cəbhə bölgələrinə səfərin iştirakçılarını Şəmkir şəhərində Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. O, bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib.


Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.

Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Diaspora