Qaxın tarixi məkanları xarici turistlərin böyük marağına səbəb olub

Qaxın tarixi məkanları xarici turistlərin böyük marağına səbəb olub backend

Ukraynada fəaliyyət göstərən Qafqaz Xalqları Konqresinin təşəbbüsü ilə Rusiya, Ukrayna və İsraildən olan bir qrup xarici turist Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonuna səyahət edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar üç gün müddətində rayonun tarixi məkanları, qədim memarlıq abidələri, muzeyləri, istirahət guşələri ilə tanış olub, Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinə baş çəkib, rayonun görməli yerlərini gəziblər.

Konqresin sədri Paşa Məmmədov AZƏRTAC-a bildirib ki, bu səyahət diaspor təşkilatının təşəbbüsü ilə ölkəmizin tanıdılması istiqamətində atılan ilk addımdır. Əsas məqsəd Azərbaycanın bölgələrinin, o cümlədən də Qax rayonunun turizm potensialını təbliğ və nümayiş etdirməkdir.

Diaspor təşkilatının sədri layihənin turizm mövsümü başa çatanadək davam etdiriləcəyini deyib.

Qaxın tarixi məkanları ilə tanışlıqdan məmnun qaldıqlarını vurğulayan xarici turistlər Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yanaşı, bölgələrinin də çox gözəl olduğunu, bu yerləri gələcəkdə də ziyarət etmək arzusunda olduqlarını diqqətə çatdırıblar.

Diaspora