Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksək keyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır. 2015-ci ilin yanvar-iyul ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 17 istehsal və 3 xidmət sahəsi olmaqla, ümumilikdə 20 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, yeni yaradılmış istehsal müəssisələri tərəfindən ət qovurması, süd məhsulları, çörək (lavaş), tərəvəz məhsullarının istehsalı ilə yanaşı, qarğıdalı yetişdirilir, heyvandarlıq və balıqçılıq təsərrüfatları fəaliyyət göstərir.Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksək keyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, 20 istehsal və xidmət sahəsində 97 yeni iş yeri açılıb.
İlin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına kompot, mürəbbə, turşu, un-qənnadı məmulatları istehsalı sahələrinin, toxumçuluq, arıçılıq, heyvandarlıq, quşçuluq, istixana və çiyələkyetişdirmə təsərrüfatlarının, yarma və qarışıq qüvvəli yem istehsalının, quş kəsimi sahəsinin, eyni zamanda qeyri-ərzaq məhsulları üzrə silikon yorğan-döşək və yataq dəsti, zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları istehsalı və müxtəlif növ xidmət sahələri olmaqla, 31 müxtəlif təyinatlı istehsal müəssisəsi, 6 müxtəlif növ xidmət sahəsi, ümumilikdə, 37 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib.
Ümumilikdə, 2015-ci ilin yeddi ayı ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 22 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 8 milyon 728 min 200 manat maliyyə dəstəyi göstərilib.