Tatar diasporunun nümayəndələri Marat Kabayevlə görüşüblər

Tatar diasporunun nümayəndələri Marat Kabayevlə görüşüblər backend

Bu günlərdə Azərbaycanın tatar diasporunun nümayəndələri Rusiya Federasiyası Müsəlman Sahibkarlar Assosiasiyasının (RF MSA) prezidenti Marat Kabayevlə görüşüblər.



AZƏRTAC xəbər verir ki, görüş Bakıdakı Əjdərbəy məscidində keçirilib. Kollektiv cümə namazında yerli tatarlar və gimnast Alina Kabayevanın atası, məşhur futbolçu Marat Kabayev iştirak ediblər.

“AZAL” futbol klubunun baş məşqçisi Tərlan Əhmədovun dəvəti ilə keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Əjdərbəy məscidi dini icmasının sədri Hacı Həmdulla Babayev, “Tatarıstan” İctimai Birliyinin sədri Abbas Minyaşev, həmin Birliyin sədrinin müavini Emin Ramazanov, Birliyin dini sektorunun rəhbəri Rəşid Cabbarov və başqaları da iştirak ediblər.

RF MSA-nın prezidenti Marat Kabayev görüş iştirakçılarını salamlayaraq müsəlmanlar üçün bu müqəddəs gündə Azərbaycanın tatar diasporunun nümayəndələrini xalq arasında “Tatar məscidi” deyilən və tarixən tatarların görüş yeri olan, bayram günlərində onların kollektiv şəkildə namaz qıldıqları bu məsciddə görməyə şad olduğunu qeyd edib.

O, RF Müsəlman Sahibkarlar Assosiasiyasının Azərbaycanın tatar diasporuna kömək göstərməyə və ikitərəfli əməkdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Rusiyanın Müsəlman Sahibkar Assosiasiyası öz qarşısına ölkənin müsəlman biznes cəmiyyətini sıx birləşdirmək məqsədini qoyub.

“Tatarıstan” İctimai Birliyinin sədrinin müavini Emin Ramazanov Marat Kabayevə Azərbaycanda yaşayan tatarlarla görüşə gəldiyinə görə təşəkkürünü bildirib və islam sahibkarlığının inkişafında, investisiyalar cəlb edilməsində müsəlman biznesmenlərin mühüm rol oynaya biləcəklərini vurğulayıb.