Ceyms Makleod: “Bakı-2015 Avropa Oyunları yaddaşlarda qalacaq”

Ceyms Makleod: “Bakı-2015 Avropa Oyunları yaddaşlarda  qalacaq” backend

Avropanın 22 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri bu həftə I Avropa Oyunları öncəsi, Bakıda baş tutmuş 3-cü, eyni zamanda, sonuncu MOK Açıq Qapı Günü iclasında iştirak etmək üçün bir araya gəlib.

Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, qitənin hər tərəfindən gəlmiş 59 nümayəndə 3 günlük proqramda Bakı-2015-in Əməliyyat Komitəsinin tibbi xidmətlər və antidopinq, nəqliyyat və yerləşdirmə daxil olmaqla, müxtəlif şöbələri tərəfindən göstərilmiş təqdimatlar və seminarlar vasitəsilə Oyunlara hazırlıqlarla bağlı ən son yeniliklərlə tanış olub.

Nümayəndələr, həmçinin, yarışın bir çox idman obyektlərinə, o cümlədən, yeni tikilmiş Milli Stadiona və Avropa Oyunları Parkına baş çəkmək və nail olunmuş irəliləyişləri müşahidə etmək imkanı əldə ediblər.

Bakı-2015-in Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının ötən həftə baş tutmuş səfərindən sonra MOK nümayəndələrini sonuncu Açıq Qapı Günü iclasında görməkdən məmnunluq duyub: “Ötən ilin sentyabrında keçirilmiş II Açıq Qapı Günü iclasından bu günə kimi əldə etdiyimiz əhəmiyyətli irəliləyişləri, xüsusilə də, bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə fəxr hissi duyuram”.

Bakıda yerləşən obyektlərdən başqa, nümayəndələr iyunun 14-16-da kanoe yarışlarına ev sahibliyi edəcək Mingəçevirdəki obyektə də səfər etmək imkanı əldə ediblər.

Finlandiyanın missiya rəhbəri Piter Brül bildirib ki, I Avropa Oyunlarının keçirilməsi ölkəsində çox böyük maraq hissi yaradıb: “Oyunların özü ilə nələr gətirəcəyini səbirsizliklə gözləyirik. Belə yeni növ yarışlarda mübarizə aparmaq və müxtəlif təcrübələrdən faydalanmaq idmançılarımız üçün gözəl imkandı. Bu günə kimi müşahidə etdiklərimizə əsasən onu deyə bilərik ki, yarışların keyfiyyəti ilkin mərhələdəki gözləntilərimizə nəzərən daha yaxşı olacaq və bir sıra planlar ən azından Olimpiya Oyunları ilə eyni səviyyədə görünür. Olimpiadadan fərqli, Avropa Oyunlarına daha az idmançı qatıldığına və daha kiçik miqyaslı yarış hesab olunduğuna görə Bakı-2015-in təşkilatçıları yarışları hər bir kəsin ehtiyacına uyğunlaşdırmaq imkanından istifadə edə biliblər”.

Bakı-2015-in Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatları şöbəsinin direktoru cənab Ceyms Makleod sonuncu iclasdan məmnunluq ifadə edib: “Milli Olimpiya Komitələrinin keçirilmiş hər 3 Açıq Qapı Günü iclası Avropanın 50 MOK-unu Bakı şəhərində salamlamaq və onları Oyunlara hazırlıqlarımız barədə məlumatlandırmaq baxımından bizim üçün əla imkan yaratdı. Əminəm ki, bütün Milli Olimpiya Komitələri onların idmançıları üçün təklif edilən imkanlardan məmnun qalacaqlar və Bakı-2015 Avropa Oyunları hər kəsin yaddaşında uzun müddət qalacaq”.
Diaspora