"Dəyərli dostlar, uzun müddətdən bəri davam edən müalicələrlə əlaqədar çoxlarınızın mesajlarına cavab verə bilmədim. Üzrlü sayın! Artıq mesaj qutusunda yığılan bir çox suallara ümumi cavab verməli oldum".
Qaziler.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Səbinə Əvəzqızı feysbuk səhifəsində paylaşıb. O, müalicəsində ona maddi və mənəvi dəstək olan Prezident və xanımına səmimi minnətdarlığını bildirib:
"Xərçəng xəstəliyim ilə bağlı 10 aydan çox sürən müalicə prosesinin demək olar ki sonuna yaxınlaşırıq. Necə keçdi bu müddət? Asan olmadı. Kimya terapiya və onun xarici görünüşdə yaratdığı fəsadlar, 6 saat sürən çətin əməliyyat, hazırda davam edən şüa terapiyası...
Amma bu çətinlikləri mənim və ailəm üçün asanlaşdıran, müsbət nəticələrə çatmaq imkanı yaradan Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Çox səmimi sözlərimdi, mən bu diqqətdən yerdən-göyə kimi məmnunam. Bu son 10 ayda Türkiyədə aldığım müalicəm üçün nə lazımdırsa, nə mümkündürsə hamısı edilir. Özü də yüksək nəzakət və diqqətlə. Heydər Əliyev Fondunun bu istiqamətdə qurduğu iş və seçdiyi mütəxəssislər sözün əsl mənasında alqışlanmalıdır. Onlar yalnız üzərilərinə düşən vəzifəni texniki olaraq yerinə yetirmirlər. İnsanın ən böyük dostu kimi davranırlar. Adi bir nümunə deyim, ağır əməliyyatdan sonra palatada ağrılara tab gətirməyə çalışarkən, Fondun nümayəndəsi tərəfindən otağa göndərilən bir dəstə gül və içərisində yazılan ümid dolu bir mesaj anındaca bütün çətinlikləri silib apardı. Evdən çox uzaqda bu cür jestin nə olduğunu mən o zaman anladım. Dövlətinin və Prezidentinin dəstəyi ilə belə bir münasibət insanı çox kövrəldir və o qədər də güvən verir. Türkiyədə müalicə üçün bu qədər vəsait tələb edən prosesə mənim və ailəmin maddi gücü çatmazdı. Var olun Cənab Prezident!
Bu müddətdə mənə ən çox dəstək olanlardan biri də doğma şirkətim APA GROUP və onun rəhbərliyidir. Müalicə ilə əlaqədar günlərlə işə gələ bilmədiyim vaxtlar oldu. Bircə dəfə də olsun “işə nə vaxt başlayırsan” deyə soruşan olmadı məndən. Əvəzində “təki sən yaxşı ol”, “sənin üçün nə edə bilərik” deyə soruşdular. Müalicə aldığım bu uzun müddətdə bir gün olmadı ki, APA GROUP-un hansısa əməkdaşı prosesi izləməsin. Özüm ölkədə olmadığım hallarda belə maaşım ailə üzvlərimə çatdırıldı. İnanın ki, müalicənin uğurla davam etməsinin səbəbi bu sevgidir.
Bir daha Cənab Prezident İlham Əliyev, Birinci vitse prezident Mehriban Əliyevaya, hər gün yanımda olan əziz kollektivimə və prosesi daima diqqətdə saxlayan media ictimaiyyətinə minnətdaram. Sizin sevginiz xərçəngdən çox güclüdür..."
Qaziler.az kollektivi də Səbinə xanıma Allahdan sağlam və xeyirli ömür arzulayır!