Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub

Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub backend

Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin olunmasına və əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupun iclasında vurğulanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a verilən məlumata görə, iclasda yeni meyarların üstünlükləri qeyd olunaraq bildirilib ki, həmin meyarlar əsasında şəxsin 7 istiqamət - özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.

Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi məsələləri, müvafiq təkliflər müzakirə olunub.