Naxçıvan Şəhər İcra Hakimiyyətində 1941-1945-ci illər müharibəsində arxa cəbhədə fərqlənən veteranlara yubiley medallarının təqdimetmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyeva çıxış edərək tarixin bütün dövrlərində Azərbaycanın mərd oğul və qızlarının xalqımıza məxsus olan fədakarlıq, vətənpərvərlik kimi ali keyfiyyətləri ilə seçildiklərini bildirib.
Qeyd olunub ki, 1941-1945-ci illər müharibəsində azərbaycanlılar tarixi qələbənin qazanılmasına öz töhfələrini veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müharibə və arxa cəbhə veteranlarına göstərilən dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Əmək pensiyaları və müavinətlərin artırılması, hər il 9 May – Qələbə Günü münasibətilə birdəfəlik müavinətlərin verilməsi, minik avtomobilləri ilə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması veteranlara dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da müharibənin ağır və çətin sınaqlarından keçən veteranlarının vətənpərvərliyi Vətənə xidmət nümunəsi kimi hər zaman yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq müvafiq tədbirlər görülür.
Vurğulanıb ki, alman faşizmi üzərində qazanılmış qələbədən bizi 70 illik zaman məsafəsi ayırır. Bu qələbənin qazanılmasında ön cəbhədə şücaət göstərən soydaşlarımızla bərabər, arxa cəbhədə fədakar əməyi ilə cəbhəyə köməklik göstərənlər də az olmayıb. Ölkə başçısı İlham Əliyev onların bu əməyini yüksək qiymətləndirərək arxa cəbhə veteranlarını qələbənin 70 illik yubiley medalı ilə təltif edib.
Sonra “Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 2-si imzaladığı Sərəncama uyğun olaraq təltif edilən Naxçıvan şəhərindən 50 nəfər arxa cəbhə veteranına medallar təqdim olunub.
Veteranlar Əli Məmmədov və Sultan İsmayılov təltif olunanlar adından çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
1941-1945-ci illər müharibəsində arxa cəbhədə fəallıqları ilə seçilən vətəndaşlara yubiley medallarının təqdimetmə mərasimi Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında da keçirilib.