AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən xəbərə görə, Azərbaycan -Yaponiya Beynəlxalq Arxeoloji Ekspedisiyası tədqiqatlarını uğurla davam etdirməkdədir.
2009-cu ildən etibarən mütəmadi fəaliyyət göstərən Azərbaycan – Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası cari ilin çöl – tədqiqat mövsümündə işini davam etdirmişdir. Ekspedisiyanın əsas tədqiqat obyekti Tovuz rayonunda aşkar edilmiş Göytəpə və Hacıəllamxanlı neolit dövrü qədim yaşayış məskənləridir. Tədqiqat dövrü ərzində məskəndən götürülmüş nümunələrin, dünyanın qabaqcıl elmi mərkəzlərindən olan Tokio Universitetinin (Yaponiya) laboratoriyalarında radiokarbon, paleontoloji və paleobotanik analizləri aparılmışdır. Dünyanın tanınmış elmi jurnallarında dərc edilmiş analizlərin nəticələrinə görə, Hacıəlləmxanlı abidəsi Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni kimi səciyyələndirilmişdir, Göytəpə və Hacıəlləmxanlı neolit kəndlərinin qədim əhalisinin iqtisadi və mədəni baxımdan həyat tərzi barədə təsəvvür yaradan və indiyədək elmə məlum olmayan biliklər toplanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin və Tokio Universitetinin professoru, Ön Asiya neoliti üzrə tanınmış mütəxəssis doktor Yoşihiro Nişiyakinin birgə rəhbərlik etdikləri Azərbaycan – Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası cari çöl – tədqiqat mövsümündə Hacıəlləmxanlı abidəsində işlərini yekunlaşdıraraq bölgənin digər neolit abidələrində yeni tədqiqatlara hazırlıq mərhələsini planlaşdırmaqdadırlar.
Həmçinin, Yaponiya ilə elmi əməkdaşlıq çərçivəsində, Azərbaycan arxeoloqları gələn il Tokio Universitetinin nəzdindəki arxeoloji muzeyin yenilənmiş sərgisinin açılış mərasiminə dəvət almışlar. Tokioda açılışı keçirələcək arxeoloji muzeyin yeni sərgisində Azərbaycan arxeologoiyasına həsr edilmiş xüsusi bölmə yaradılacaqdır.
_1439812140.jpg)