Son günlər mətbuatda Azərbaycanda elm, AMEA və alimlərimiz haqqında müxtəlif məzmunlu müzakirələr getməkdədir.AMEA-nın müxbir üzvü kimi bu müzakirələrə laqeyd qalmadığım üçün bəzi düşüncələrimi paylaşmaq istədim.
Hamıya məlumdur ki, elm, məhsulu yeni bilik və texnologiyalar olan bir istehsal sahəsidir. Tarixi təcrübə də sübut etdi ki, ölkələri və cəmiyyətləri inkişaf etdirən və gücləndirən əsas qüvvə elm və yeni biliklərdir. O da məlumdur ki, hazırki dövr bəşəriyyətin inkişafının elə mərhələsidir ki, bilik bütün dəyərlərdən öndə gəlir və 4-cü sənaye inqilabı adlanan inkişaf istiqamətinin ən vacibidir. Bu danılmaz faktlardan sadəvə alternativi olmayan gerçəklik ortaya çıxır: hər bir ölkənin inkişafı üçün elm mütləqdir və dünya ölkələri arasındakı onun yeri elminin səviyyəsi ilə ölçülür. Bu həqiqəti yüzillərlə əvvəl dahi Nizami Gəncəvi demişdi – “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”. Bunu yaxşı bilən Azərbaycanın böyük alimləri ölkəmizdə elmi tədqiqat institutlarını, laboratoriyaları, elmi mərkəzləri, universitetləri, o cümlədən AMEA adlı elm məbədini yaratdılar. Bu həqiqəti yaxşı bilən Ulu Öndər Heydər Əliyev 90-cı illərdə AMEA-nın ləğv olunmasının qarşısını aldı.
Hazırda ölkəmizdə elmi müəssisisələr fəaliyyətini davam etdirir və alimlərimizin elmi tədqiqatlarının nəticələri və məqalələri dünyadakı indekslənən bazalarda dərc edilir. Bunun bir səbəbi beynəlxalq əlaqələrin artmasıdırsa, digəri elmi təşkilatlarda, o cümlədən Ali Attestasiya Komissiyasında impakt faktorlu jurnallarda məqalə tələbinin artmasıdır. Lakin, bu irəliləyişlər yetərli olmayaraq ölkəmizin elmini dünyada ilk sıralara çıxaracaq səviyyədə deyil.
Elmin inkişafının arzuladığımız səviyyədə olmamasının səbəblərindən biri maliyyə dəstəyinin az olmasıdırsa, digəri elmi-təşkilatı problemlərdir. Misal kimi kök hüceyrə ilə əlaqədar vəziyyəti qeyd edərdim. Kök hüceyrə texnologiyaları və elmi mərkəzlər bütün ölkələrdə var və aktiv fəaliyyət göstərərək elmə, təbabətə fayda verirlər. Bir neçə il bundan əvvəl bu barədə AMEA-da müzakirələr getdi, plan - proqram hazırlanaraq ölkəmizdə Kök hüceyrə mərkəzinin yaradılması qərara alındı. Maliyyə üçün müəyyən qurumlar da tapıldı. Lakin hələ də bu məsələ həll edilməmişdir, Akademiyanın hazırki rəhbərliyi bu məsələyə dəstək vermir.
Digər bir məsələ kimi, elmi məlumat bazasının yaradılmasını qeyd etmək olar. Elmi məlumatların bazası hər bir ölkədə var və bu olmadan elmdən söhbət gedə bilməz: məsələn, PubMed, ULAKBİM və s. Ölkəmizdə belə bir bazamız yoxdur və biz öz alimlərimizin işlərini, nəticələrini bilmədiyimiz üçün onlara istinad edə bilmirik və yalnız xaricdəki bazalar vasitəsi ilə məlumat alırıq. Bir neçə ildir bu barədə məsələlər qaldırılır, lakin hələ də nəticəsi yoxdur. Alimlərimizin bir çox innovativ təkliflərinin tətbiqi üçün hələ də yetərli imkanlar yaradılmamışdır. Bunun kimi həll olunmayan çoxsaylı elmi-təşkilatı problemlərimiz bütün elm sahələrində mövcuddur və həllini gözləməkdədir.
Ölkəmizdə elmin vəziyyətinə geniş prizmadan baxdıqda böyük reformaya ehtiyac olduğu görünür. Reformada aşağıdakı məsələlərə də diqqət edilməsini uyğun hesab edirəm:
Perspektivli sahələr və istiqamətlər üzrə tədqiqat və tətbiq mərkəzlərinin yaradılması
Tədqiqat işlərinin qeydiyyatı üçün mərkəzin yaradılması
Elmi nəşrlərin vahid məlumat bazasının yaradılması
Gəncləri elmi tədqiqatlara təşviq etmək və onlara şərait yaratmaq
Ölkə Prezidenti İlham Əliyev xalqı, ordunu, dostlarımızı və gənclərimizi bir yumruqda birləşdirərək Qarabağ Zəfərini qazandı. Azərbaycan alimlərini və gənclərini birləşdirərək elmimizdə də istlahatlar aparmaq lazımıdr. Son illərin təcrübəsi göstərdi ki, AMEA-nın Prezidenti Akademik Ramiz Mehdiyev elmi reformalar apara bilmədi, akademiyanın işini müasir səviyyədə təşkil edə bilmədi. Nəticədə ölkəmizdə bir çox sahələrdə olan inkişafı elm sahəsində də görə bilmədik. Ona görə də ölkəmizin inkişafı naminə elmimizdə islahatlar aparmaq üçün Ramiz Mehdiyevin estafeti müasir elmə yaxşı bələd olan reformator alimlərə təhvil verməsi lazımdır.
Nuru Bayramov
AMEA-nın müxbir üzvü, professor, ATU-nun Cərrahi xəstəliklər kafedrasının müdiri
modern.az