Lamiyə Quliyeva ictimaiyyətə təşəkkür edib və ağlayıb
Bu gün Bakı Apelyasiya Məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən proses də ilkin baxış iclası olub. Əvvəlcə L.Quliyevanın vəkili vəsatətlə çıxış edərək müvəkkilinin barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi istəyib.Bundan sonra Lamiyə Quliyeva çıxış edib və prezidentdən kömək istəyib. Bu zaman o, göz yaşlarını saxlaya bilməyib. L.Quliyeva cəmiyyətin onu qınamamasını xahiş edib: "Neçə ildir ki, həbs həyatı yaşayıram və bunun üçün ana olmaq istəmişəm".
Daha sonra məhkəmə vəsatətlərlə bağlı qərarını bildirib və vəsatətləri təmin etməyib. Məhkəmə prosesi fevralın 20-də davam etdiriləcək.
Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.
Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.
L.Quliyeva bir müddət əvvəl ana olub.