Artan Rusiya-Qərb gərginliyi zamanı bu ittifaqın yada salınması, “bizə xoş deyildi” ifadəsi və hələ də fəaliyyət götərməsinə rəğmən “işləmədi” deyilməsi nəyə işarədir?
Ukrayna, Böyük Britaniya və Polşa arasında yeni siyasi əməkdaşlıq formatı ancaq “boşboğazlıqdır” və belə ittifaqın heç bir perspektivi yoxdur. Bu haqda Rusiyanın Londondakı səfiri Andrey Kelin “SolovyovLive” YouTube kanalında deyib.
Diplomat bildirib ki, Şərqi Avropada bundan əvvəl də bu cür kiçik ittifaqlar yaratmaq cəhdi olmuşdu. Misal kimi o, Vışeqrad qrupunu-Çexiya, Polşa, Macarıstan və Slovakiyanın ittifaqını göstərib. “Sonra amerikalılar Baltik-Qara dəniz zolağı yaratmaq cəhdi etdilər, fikrimcə, bu ideya, ümumiyyətlə, reallaşmadı. GUAM yaradıldı, hər halda, o, bizə qətiyyən xoş deyildi - bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi”, - səfir əlavə edib.
Kremlin bu ittifaqa qarşı olduğu əvvəldən də məlum idi, amma bunu dilə gətirmirdilər. Sonrakı illərdə Rusiyanın həm Gürcüstanla, həm də Ukrayna ilə münasibətləri pisləşdi. GUAM-ın özü də işlək mexanizm qura bilmədi ki, bunun da səbəbləri haqda danışmaq olar. Amma əsas məsələ budur ki, rusiyalı səfir niyə məhz indi GUAM-ın adını çəkdi. Məlumdur ki, Azərbaycanın Ukrayna ilə və Gürcüstanla iqtisadi-siyasi əlaqələri möhkəmdir. Son illər bu əməkdaşlıq GUAM çərçivəsində olmasa da, yüksələn xətt üzrə gedib. Prezident Əliyevin Ukraynaya son səfərində əməkdaşlığa dair çoxtərəfli sənədlər imzalanıb. Artan Rusiya-Qərb gərginliyi zamanı bu ittifaqın yada salınması, “bizə xoş deyildi” ifadəsi və hələ də fəaliyyət göstərməsinə rəğmən “işləmədi” deyilməsi nəyə işarədir? Azərbaycana bu formatdan birdəfəlik çəkilməsi mesajıdırmı?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu GUAM-ı hələ də faydalı qurum sayır: “GUAM formatı istənilən səviyyədə əməkdaşlıq formatı olmasa da, mövcudluğunun davamı hər bir üzv dövlət üçün faydalıdır. 1990-cı illərin sonlarında GUAM formatı Rusiyanın siyasətinə qarşı birlik kimi düşünülmüşdü. Çünki o illərdə Rusiya qonşu dövlətlərə təhlükə mənbəyi idi. Əslində Kreml 20 il öncəki hədəfindən bu gün də imtina etməyib, əksinə, GUAM üzvlərinin hər birində hərbçilərini yerləşdirib. GUAM ölkələrinin başlıca amalı Qərbin üzv dövlətlərə dəstəyini artırmaq idi. Ancaq üstündən illər keçdikdən sonra GUAM iqtisadi formata inikas olundu. Bu çərçivədən təşkilatın təmsilçiləri ən azı ildə bir dəfə görüşüb müxtəlif mövzuları müzakirə etməyə çalışırlar.
Azərbaycan GUAM-dan imtina edərsə, bu, ölkəmizin Rusiyadan çəkindiyi anlamına gələr. Biz Moskvaya bu mesajı göndərə bilmərik. Çünki GUAM-dan imtina Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Azərbaycan GUAM ölkələri ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə çalışmalıdır. Bu mənada rəsmi Bakı GUAM üzvlərindən Moldovanı çıxmaq şərtilə Gürcüstan və Ukrayna ilə sıx tərəfdaşlıq münasibətləri qurub, ortaq layihələr mövcuddur. Kreml rəsmi Bakıdan Azərbaycanın GUAM-ı tərk etməsini tələb edə bilməz. Belə bir istək nə zamansa səsləndirilsə, düşünmədən rədd cavabı verməliyik. Azərbaycan heç bir dövlətin daxili işinə, verdiyi qərarlara qarışmırsa, eynilə digər dövlətlərdən, o cümlədən Rusiyadan eyni yanaşma gözləmək haqqımızdır".
Əhəd Məmmədli
Siyasi şərhçi Əhəd Məmmədli Rusiya tərəfindən burada qısqanclıq görür: “Rusiyanın bu münasibəti qısqanclıqdan başqa bir şey deyil. Əvvəlki müqayisələr də uğursuzdur. Çünki bu ittifaqda Böyük Britaniya var. Krallığın baş naziri deyir ki, Rusiya müharibə etsə, onun əsgərləri tabutlarla ölkələrinə yola salınacaq. Bu çox ciddi açıqlamadır. Bilirsiniz ki, müasir dünyada ölkə rəhbərləri bir-birini belə açıq şəkildə təhdid etmir. Burada isə Rusiyaya açıq təhdid görünür. Baş verənlər proseslərin ciddiliyindən xəbər verir. GUAM-a gəldikdə, bu qurum bir müxalifət idi və artıq formal təşkilata çevrilib. GUAM-da yer alan ölkələrlə Rusiyanın demək olar ki, yolları ayrılıb. Son illərdə Kremlə qarşı Qərbin çox ciddi ittifaqı yaranıb. Dediyim kimi, bu müqayisə Rusiyanın qısqanclığının göstəricisidir”. (musavat.com)