Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində Göygöl rayonunun Toğanalı kəndinə içməli su xətti çəkiləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətində qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək diqqətə çatdırıb ki, Yaponiya hökuməti 2016-cı ildən indiyədək Göygöl rayonunda dörd qrant layihəsi - Göygölün baytarlıq laboratoriyasının inşası, Köşkü kəndində orta məktəbin bərpası və iki kəndin su təchizatının yaxşılaşdırılması layihələrini həyata keçirib.
Sonra Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi təmsil etdiyi ölkənin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində gördüyü işlərdən danışıb. Diplomat qeyd edib ki, sözügedən layihənin ümumi dəyəri 90,837 ABŞ dollarıdır. Layihənin əsas məqsədi Toğanalı sakinlərinin içməli suya olan ehtiyacını təmin etməkdir.
Layihənin icrasını öz üzərinə götürən “Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı fondu”nun icraçı direktoru Sabit Bağırov son illər Yaponiya hökumətinin Azərbaycanda gördüyü işləri yüksək dəyərləndirib və digər layihələr kimi Göygöl rayonunun Toğanalı kəndinin su təchizatının da vaxtında icra olunacağını diqqətə çatdırıb.
Sonda Göygölün Toğanalı kəndinin su təchizatı sisteminin inşası üçün müqavilə imzalanıb.