Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr Azay Quliyev qurumun 2015-ci ildə QHT-lər üçün elan etdiyi ikinci maliyyə yardımı müsabiqəsinin yekunları barədə məlumat verib. Qeyd edib ki, müsabiqə mövzuları arasında bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar məsələlərə, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə və ictimai aktuallıq kəsb edən bəzi problemlərlə bağlı videoçarxların hazırlanmasına xüsusi diqqət yetirilib.
İkinci maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, müsabiqə cari il aprel ayının 16-da elan edilib, bu haqda elan, eləcə də müsabiqənin qayda və şərtlərinə aid məlumatlar Şuranın saytlarında (www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az) yerləşdirilib. Müsabiqə üçün ayrılmış 1 ay müddətində Şuraya yerli QHT-lərdən 169 müraciət daxil olub. Onlardan 43-nün sənədləri tələb edilən standartlara uyğun olmadığı üçün müsabiqədən kənarlaşdırılıb, 126 layihə təklifi ekspertizaya göndərilərək müvafiq qaydada ekspertlər tərəfindən qiymətləndirilib.
Şura hər bir layihə üzrə ekspert qiymətləndirmələrini və Katibliyin təqdim etdiyi arayışı nəzərə alaraq 97 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Müsabiqə qaliblərinin siyahısı Şuranın saytlarında (www.cssn.gov.az və www.qhtxeber.az) yerləşdiriləcək.
İclasda Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr bu il avqustun 21-i saat 18:00-dək qəbul ediləcək.
Qanunvericiliyin yeni tələbləri ilə bağlı QHT-lərin layihə sənədləşmələrində yol verdiyi nöqsanların aradan qaldırılmasına kömək məqsədilə Şuranın QHT rəhbərləri üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olunub və bu işin təşkili Katibliyə tapşırılıb.
Gündəlikdəki digər məsələlərlə də əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.