Yapon qonaqlar İsmayıllıda

Yapon qonaqlar İsmayıllıda backend

Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanan Dostluq mübadiləsi haqqında Sazişə müvafiq olaraq müəllim - şagird mübadilə proqramı çərçivəsində “International Homestay Club”un nümayəndəsi Konuşi Tsneo və iki yaponiyalı şagird - Şintaro Kavfune və Kurumi Kavaharaya İsmayıllıya gəliblər.

AZƏRTAC xəbər verir ki, yaponiyalı qonaqların səfəri rayonun zəngin mədəniyyəti və adət-ənənələri, habelə milli mətbəxi ilə yaxından tanışlıq xarakteri daşıyır.

Qonaqlar İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara Ümummilli Liderin həyatı, uğurlu siyasi karyerası və Azərbaycanın, o cümlədən İsmayıllının inkişafındakı rolu barədə geniş məlumat verilib.

Sonra qonaqlar rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər. Çay süfrəsi ətrafında keçirilən görüşdə rayon təhsil şöbəsinin əməkdaşları, Yaponıya məktəbləri ilə əməkdaşlıq edən müəllimlər və yaponları evlərində qonaq saxlayacaq ailələrin nümayəndələri iştirak ediblər.

M.Sadıqov qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirilib ki, İsmayıllı ilə Yaponiyanın İto şəhəri arasındakı Dostluq mübadiləsi haqqında Saziş 2013-cü ilin noyabrın 22-də bağlanıb. Qardaşlaşan bu şəhərlər Sazişə uyğun olaraq, artıq əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində xeyli genişləndirilərək davam etdirilir.

Sonra rayon icra hakimiyyətinin başçısı qonaqlara hədiyyələr təqdim edib.

K.Tsuneo göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Yaponiyalı qonaqlar avqustun 23-dək hər birində iki gün olmaqla bir neçə ailədə qonaq qalacaqlar. Bu müddətdə qonaqlar rayonla geniş tanış olmaq imkanı qazanacaqlar.

Diaspora