Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirşi 25 yanvar tarixində Marneuliyə rəsmi səfəri zamanı “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə də qonaq olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a daxil olan məlumata görə, səfir mərkəzin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra gənclərlə görüş keçirib. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “GAİM”-in icraçı direktoru Orxan Pirverdiyev məlumat verdi. Onun sözlərinə görə, görüş zamanı gəncləri narahat edən bir sıra problemlər barədə səfirə məlumat veriblər.
Pirverdiyevin bildirdiyinə görə, səfir Hubert Knirşi mərkəzdə görülən işlərin vacibliyini vurğulayıb və “GAİM”-ə uğurlar arzulayıb.
“Görüş yaxşı keçdi. Görüş əsnasında biz mərkəzmizdəki fəaliyyətlərlə bağlı səfirə məlumat verdik. Səfir mərkəzimizin gördüyü işləri müsbət dəyərləndirdi. Mərkəzə uğurlar arzu etdi. Biz gələcəkdə səfirliklə də əməkdaşlığıq etməyi düşünürük. Hələ ki ilk görüşümüz idi. Almaniya səfiri bizim kitabxana ilə də maraqlandı. Biz də səfirdən mərkəzimizin kitabxanası üçün alman dilində kitablar istədik”, – Orxan Pirverdiyev dedi.
Orxan Pirverdiyev deyir ki, gələcəkdə mərkəzin nəzdində alman dili kurslarının açılmasını da planlaşdırırlar.
Qeyd edək ki, Almaniya səfiri Hubert Knirşi 25 yanvar tarixində “GAİM” ilə yanaşı Xuldərədə İcma Mərkəzində, Marneuli meriyasında və Marneuli Çay Evində gənclərlə görüş keçirib. Səfir günün sonunda Qardabanidə fəaliyyət göstərən “Beez” Uşaq Teatrına da qonaq olub.