NİYƏ İNTERPOL ONLARI AXTARMIR?

NİYƏ İNTERPOL ONLARI AXTARMIR? backend

Avqustun 1-də Ukrayna hüquq – mühafizə orqanları qondarma “Donetsk Xalq Respublikasının” (“DXR”) 11 “nazirini” beynəlxalq axtarışa verdi. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə idarəsinin başçısı Vyaçeslav Abroskin Facebook sosial şəbəkəsindəki öz səhifəsində yazdı. Daha sonra isə, artıq rəsmi Kiyev səviyyəsində məlumat təsdiqləndi.

UKRAYNA ÖRNƏK VERDİ

Kiyev bu vətəndaşlarını ölkə daxilində və beynəlxalq səviyyədə axtarışa nəyə görə verdi? Hər bir kəs bilir ki, 2014-cü ildə Rusiyanın birbaşa dəstəyi ilə Ukraynanın parçalanması planı işə düşdü. Əvvəlcə, Rusiya Krımı anneksiya etdi. Daha sonra isə, Ukraynanın şərqində rus əhalinin iştirakı ilə separatçı hərəkat başladıldı. Bu qondarma qurumlardan biri də “DXR” idi.

Göründüyü kimi, Ukraynanın parçalanması ssenarisi Rusiyanın Azərbaycanda yaratdığı “Dağlıq Qarabağ Respublikası” (“DQR”) ssenarisi ilə çox oxşardır. Düzdür, fərqlər də var. Amma əsas fərqlərdən biri budur ki, Rusiya “DQR”-də işğalını “ermənistan” adı ilə ört-basdır edir. Ukraynada isə, rus ayısı öz maskasını yırtdı, cinayətlərini kobud ört-basdır etməyə və ya çırılmış maskasını kənara atıb, aşkar oynamağa başladı.

Beləliklə, rəsmi Kiyev Ukraynanı parçalamaq, xaricdən siyasi, maddi və hərbi dəstək alaraq separatçıları, terrorçuları, Ukrayna dövlətinin ərazi bütövlüyünə qarşı təxribat aparan, qanunsuz paralel separatçı strukturlar yaradanları Ukrayna qanunvericiliyinə və beynəlxalq qanunlara əsasən axtarışa verdi.

Abroskin bildirib ki, Donetsk vilayətinin milisi iyun-iyul aylarında özlərini “DXR-in naziri” – kimi qələmə verən 11 nəfəri axtarışa vermişdir, indi isə, onlar beynəlxalq axtarışa veriləcəklər.

İnterpol xətti ilə axtarışa verilmiş qondarma “Donetsk Xalq Respublikasının nazirləri” sırasında “ədliyyə naziri” Yekaterina Filippova, “daxili işlər naziri” A. Dikiy, “energetika naziri” Y. Faynitski və d. var.

Qondarma “DXR” liderləri anlayırlar ki, rəsmi Kiyevin İnterpol xətti ilə onları axtarışa verməsi ciddi təhdiddir və rəsmi Kiyevin separatizmlə mübarizədə siyasi və hüquqi zəminə yiyələnməsi deməkdir. Doğrudur, “DXR nazirləri və liderləri” Rusiyaya sərbəst gedib-gələ biləcəklər. Amma digər dövlətlərə?..

Ona görə də, rəsmi Kiyevin bu addımından qorxmuş “DXR” separatçıları şivən çəkdilər: rəsmi Kiyevin separatçı “nazirləri” axtarışa verməsi Minsk sövdələşməsinin “ruhuna ziddir”. Bunu bildirən separatçı “DXR-in mədəniyyət naziri Aleksandr Paretski həyasızlıqla vurğulamağa çalışırdı ki, Minsk sövdələşməsində separatçılara əfv verilməsi nəzərdə tutulurdu. Amma Ukrayna polisi bu addımla münaqişəni qızışdırır”. Həyasız açıqlama verən sırtıq separatçının özü də rəsmi Kiyevin həmin siyahısında yer tutub.

Kiyevin cavabı isə, özünü gözlətmədi. Avqustun 4-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən Rusiya Hərbi Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov və daha 10 yüksək rütbəli rusiyalı hərbçi “Ukrayna ərazisində hərbi münaqişənin təşkilinə, hazırlığına və qızışdırılmasına” görə beynəlxalq axtarışa verildilər. Bunu UTX-nin Baş İstintaq İdarəsinin rəisi Qriqori Ostafiyçuk bildirib.

Beləliklə, Ukrayna ölkə və beynəlxalq qanunvericiliyinə əsaslanaraq əli silahlı separatçı terrorçuları və onların arxasında Ukrayna dövlətçiliyinə qarşı qalxmış digər cinayətkarları axtarışa verdi.

BƏS, BİZ NİYƏ BUNU EDƏ BİLMİRİK?

Aydın məsələdir ki, biz durub Rusiya Federasiyasına meydan oxumayacağıq. Bu yaxınlarda gəbərmiş, çirkin ruhu lənətlərə gəlmiş Yevgeni Primakovu da Azərbaycan Respublikası 20 Yanvar qırğınına görə İnterpola axtarışa verməmişdi. Qorbaçov da, Yazov da Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmədi. Bizim gücümüz yalnız Rusiya hakim dairələrinin üz çevirdiyi profaşist psixopat Sterliqova çatdı. Amma bu da böyük uğurdur. İlk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyünü təhqir etmiş rusiyalılardan biri, İnterpol tərəfindən belə axtarışa verilmişdir. Deməli, cürətimiz varmış...

Sözsüz, biz nə Gürcüstanıq, nə də Ukrayna. Heç Qərb dünyası bu iki qeyri-türk və qeyri-müsəlman ölkələrinin arxasında belə durmadı, onları Rusiyanın güdazına verdi. Amma yalandan da olsa, Qərb sözdə bu ölkələrin ərazi bütövlüyünü tanıdığını bildirir.

Əgər biz gün- sabah Azərbaycanda qan tökmüş və ya ərazi bütövlüyümüzü saya almayan rusiyalı siyasiləri beynəlxalq axtarışa versək, onda çətin ki, Qərb bizi Moskvanın qəzəbindən müdafiə edəcək. Axı, biz müsəlman və türk millətiyik. Qərb isə, ermənilərə himayə məsələsində ya Rusiya ilə həmrəydir, ya da Rusiya ilə yarışa girib ki, kim ermənilərin azərbaycanlılara qarşı törətdiyi və törədəcəyi cinayətlərdə daha çox dəstək verəcək.



Rus imperializmini açıq ittiham edən Baltikyanı ölkələr idi. Onlara nə var ki, arxalarında ABŞ dururdu. Müasir dövrdə isə, rus imperializmini yalnız Gürcüstan və Ukrayna rəsmi səviyyədə ittiham edir. Onların da arxasında yarımçıq da olsa, Qərb durur, üstəlik də, itirdiklərini itiriblər.

Ona görə, Rusiyanı ermənilərə dəstək verməkdə rəsmi ittiham etmək, rus siyasilərini İnterpola vermək bizlik deyil. Bunun cavabı pis olacaq.

Amma niyə rəsmi Bakı erməni separatçılarını beynəlxalq axtarışa vermir? İnterpol xətti ilə qondarma “Dağlıq Qarabağ respublikasının” (və ya “Artsax respublikasnın”) “prezidenti” Bako Saakyanı, “baş nazir” Araik Arutyunyanı, “baş nazir müavini” Artur Aqabekyan, “müdafiə naziri” Movses Akopyan, “təhlükəsizlik xidməti direktoru” Viktor Koçaryan, “ali məhkəmənin sədri” Narine Narimanyan, “apelyasiya məhkəməsinin sədri” Karen Karayan və d. axtarışa verə bilərik.

Amma, işğal edilmiş torpaqlarımızda müsəlman məscidlərini və Qurani-Kərimi murdarlayan ermənilərin dostu iranlı mollaları demişkən: “çi fayda?”. 2005-ci ildə törətdiyi cinayətlərə görə, Zori Balayanı İtaliyada yerli İnterpol həbs etsə də, 5 saatdan sonra o, azadlığa buraxıldı. Qarabağda hərbi cinayətlər törətmiş erməniləri ABŞ-da aeroportlarda İnterpol saxlasa da, bir neçə saata onları sorğu-sualsız buraxırdılar. Soruşarsız, niyə?

ÇÜNKİ, İNTERPOL ÖZÜ BEYNƏLXALQ QANUNLARA DEYİL, ERMƏNİPƏRƏST, ANTİ-TÜRK İRQÇİ, İSLAMOFOB SİYASİ SİFARİŞLƏRƏ XİDMƏT EDİR

Amma bu cür addımın, yəni separatçı-terrorçu “artsaxlı prezident və nazirləri” İnterpol xətti ilə axtarışa verilməsi hər halda həmin cinayətkarların dünyaya səyahət iştahlarını azaldır. Məsələn, vaxtında Bako Saakyan İnterpola verilsə idi, o, Rusiya, ABŞ, İngiltərə və d. ölkələrdə sülənməz, əcnəbi ictimai və siyasi xadimlərlə görüşə bilməzdi. Çünki hər kəs İnterpolda axtarışda olanla görüşmək istəməz. İnterpol tərəfdən axtarışda olan da səyahətə az meyilli olar.

Hətta, Ukrayna alimləri Krımda tədqiqatlar aparan Rusiya arxeoloqlarını İnterpol ilə axtarışa vermək niyyətindədirlər. Bizdə isə, əcnəbi arxeoloqlar Qarabağda geninə-boluna qazıntılar aparıb, sonra dünyanın elmi jurnallarında “Nagorno - Karabakh”da (Azərbaycan Respublikasında deyil!) arxeoloji qazıntılar barədə məqalələr dərc edirlər, əcnəbi siyasətçilər, seçki müşahidəçiləri, turistlər, jurnalistlər, mədəniyyət, din xadimləri Dağlıq Qarabağı “su yoluna” döndəriblər. Onlar elə fikirləşirlər ki, heç kim onları İnterpola axtarışa verməyəcək...

Hər halda aidiyyatı orqanlar bu barədə fikirləşsələr pis olmaz. Təqdim etdiyimiz terrorçu dığaların siyahısının bəlkə də köməyi oldu. Biz inanırıq ki, bu cinayətkarlar İnterpol xətti ilə axtarışa veriləcək. İnanırıq...

Pərviz Elay


Diaspora