Gürcüstanda 20 Yanvarla bağlı anım tədbiri keçirilib - FOTO

Gürcüstanda 20 Yanvarla bağlı anım tədbiri keçirilib -  FOTO backend

Tbilisi şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a daxil olan məlumata görə, Gürcüstanda fəaliyyət göstərən "Alyans Gənclər Mərkəzi"nin təşkilatçılığı ilə baş tutan tədbirdə ictimai xadimlər, gənclər və mərkəzin üzvləri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Alyans Gənclər Mərkəzi"nin sədri Leyla Əmrahova, mərkəzin icraçı direktoru Rəna Hüseynova, hüquqşunas Əli Bədirov, tarix müəllimi Füzuli Qəhramanov və Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevin çıxışları zamanı bildirilib ki, 20 Yanvar hadisələri Ümumxalq Hüzn Günü olmaqla yanaşı, qəhrəmanlıq nümunəsi kimi də tarixə yazılıb. Gürcü və Azərbaycan xalqlarının öz respublikalarının suverenliyi və müstəqilliyi uğrunda məşəqqətli, amma şərəfli mübarizə yolu keçdiklərinə diqqət cəlb edilib.

32 il öncə Azərbaycanda baş verən hadisələr barədə tədbir iştrakçılarına gürcü dilində də məlumat verilib və 20 Yanvar faciəsini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.

Sonra “Gənclər Dostluğu” beynəlxalq təşkilatının üzvləri Güllü Əliyeva və Aysun Zeynalovanın ifasında 20 Yanvar faciəsinə ithaf edilmiş şeir kompozisiyası təqdim edilib, “İmpuls” müasir xoreoqrafiya teatrının aktrisası Emilya Qəmbərovanın 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın obrazını canlandırması ilə kiçik səhnəcik göstərilib.

Qeyd edək ki, mərkəzin kollektivi 20 Yanvar faciəsi ilə əlaqədar Tbilisidəki 9 Aprel şəhidlərinin abidəsini də ziyarət edib.

loading...
Diaspora