Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində bu ilin ikinci rübündə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin və bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, monitorinq nəticəsində bu ilin ikinci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində isə 81 daxili nəzarət tədbirinin keçirildiyi müəyyən edilib.
İkinci rübdə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili təhlükəsizlik baş idarəsinə daxil olan müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilib. Onlardan 13-nə töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, bir əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, biri 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 nəfər tutduğu vəzifədən kənarlaşdırılıb, 2 əməkdaşa isə yazılı xəbərdarlıq olunub.