Rusiya Federasiyasının hərbi gəmiləri Bakıya gəlib

Rusiya Federasiyasının hərbi gəmiləri Bakıya gəlib backend

Avqustun 13-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi gəmiləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail Rayon İcra Hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.
Diaspora