İşıqsız YOLLAR və zibillədiyimiz TƏBİƏT - (Xüsusi reportaj)

İşıqsız YOLLAR və zibillədiyimiz TƏBİƏT - (Xüsusi reportaj) backend

İstirahət mərkəzlərindən qayıdan əməkdaşımız yazır... YOLUMUZ QƏBƏLƏYƏDİR... Yay gələn kimi çoxları istirahətini səmərəli keçirmək haqqında düşünür. Lakin bu vaxt insanların beynini bir sual məşğul edir: Yay istirahətimi harada daha yaxşı və az məsrəflə keçirə bilərəm? İnsan övladı üçün görmədiyi yerlərdə olmaq, maraqlı məkanlara getmək həmişə cəzbedici bir istək olaraq qalıb. Səyahəti çox sevən biri kimi mən də bu yay paytaxtdan kənara çıxmaq istədim. Ölkə başçısının turizm şirkətlərinin işini tənqid etdikdən sonra əyalətlərdəki turizm obyektlərinin vəziyyətini öyrənmək pis olmaz, deyə, düşündük. Lakin hara, necə? Bax bu, prioritet sualdır. Bu fikirlə başladım internetdə turizm şirkətlərinin təqdim etdiyi turlarla tanışlığa. Bir-bir baxandan sonra “Turizm.az” şirkətinin üzərində dayandım. Birgünlük turlar təşkil edən şirkətin saytında turların proqramı ilə tanış oldum. Məlum oldu ki, birgünlük turlarda yer tutmaq üçün ən azı iki gün əvvəldən ödəniş etməlisən. Təbii ki, həftəsonu əlverişli olduğu üçün bazar günü turunun üzərində dayandıq. Proqramda Qəbələ turunda göstərilirdi ki, 35 nəfərdən az olmayan qruplarla Qəbələdə Atıcılıq Mərkəzində, Tufandağ kompleksində, Nohurgöl ərazisində gəzinti nəzərdə tutulur. Gündə 2 dəfə qidalanma da tur paketinə daxil idi. Qiymət də çox münasib idi: adambaşı cəmi 32 manat. Komfortlu avtobusla gedib gələcəkdik. Şirkətlə danışıb gedib ödəniş etdik. Çekimizi aldıq. Səhər sübh tezdən saat 7-nin yarısı biz - həyat yoldaşım Pərviz Elayla deyilən yerdəyik.

Tur rəhbəri gənc oğlandır. Amma hərəkət və danışığından bilinir ki, bu işlə çoxdan məşğul olur. Təbii ki, kimliyimizi bildirmirik. Sadəcə turistik. Tur rəhbəri Orxan bəy bizi “Mersedes” markalı avtobusa dəvət edir.

-Hələ heç kim gəlməyib, birinci dəfə görürəm ki, turist məndən tez gəlib, - deyə gülə-gülə bizimlə salamlaşır.

Öncədən bizə zəng vurub demişdilər ki, özünüzlə yüngül jaket götürün. Avtobusda yerimizi rahatlayıb əşyalarımızı yerləşdiririk. Bir azdan digər turistlər də gəlir. Hamı yığışıb saat 7-də yola düşdük. Lakin sürücümüz yolu düz sürmədiyindən 30-40 dəqiqə şəhərdə fırlanası olduq. Saat 10-da İsmayıllı ərazisində səhər yeməyinə əyləşdik. İnsafən səhər süfrəsində hər şey vardı – bal, yağ, qaymaq, pendir, şor, təndir çörəyi, samovar çayı. Hərə bir qismət çörək kəsib rahatlanandan sonra yenidən yola davam edirik. Nəhayət ki, saat 12-nin yarısı Qəbələyə gəlib çatdıq.

Bu da tərifi dillər əzbəri olan “Tufandağ”



“Tufandağ” yay-qış kompleksi bizi gözləyirdi. Kanata minmək istəyən çox idi. Növbə vardı. Tur rəhbəri hamıdan kanatın pulunu yığıb özünü verdi qabağa. Hamıya bilet alıb bizi keçirdi. Kanatlar çox gözəldir. Hamını yığıb kabinələrə minmək haqda tövsiyələrini verən tur rəhbəri turistləri kabinələrə mindirəndən sonra özü də mindi. Kanatlardakı stansiyaların hamısında növbə vardı. Başqa turlar da gəlmişdi, ailəvi gələnlər də az deyildi. Nəhayət ki, kanatlara minirik. Dağlara qalxırıq. Təmiz dağ havasını ciyərlərimizə çəkirik. Əladır. Vətənimizin təbiətinin gözəlliyi, torpağın ətri, dağ havası. Uzaqdan başı dumanlı dağlar görünür. Kanat yolunu dəyişirik.



Tur rəhbəri stansiyalarda şəkillərimizi çəkir. Professional çəkilişdir. Hamını çəkir. Qeyd edir ki, şəkillərinizi gəlib ofisdən götürə bilərsiniz. “Tufandağ”da kanatlardan endikdən sonra yenidən avtobuslara doluşuruq. Günorta yeməyinə gedirik. Lakin burada da məlum olur ki, avtobusumuz nahar edəcəyimiz restorana deyil, başqa istiqamətdə hərəkət edir. 30-40 dəqiqə də vaxt itkisi restoran axtarışına getdikdən sonra, nəhayət, restoranı tapdıq. İnsafən, turlarda verilən yeməklər normal olur. 1-ci mərci şorbası, pendir çörək, yuxa, salat gətirdilər. Daha sonra hərə üçün bir porsiya asorti kabab gətirdilər. Kompot, şirələr və sular. Hamı doyunca yedi. Daha sonra yenidən avtobuslara doluşub yol aldıq Nohur gölə. Nohur göldə qayıqla gəzmək istəyənlər qayığa mindi. Yerli adamlar bu göldə balıq tutur. Seyrək meşəlikdə yerləşən Nohur gölə istirahətə gələnlər çox idi. Amma Pərviz bəylə bizim istədiyimiz Atıcılıq Mərkəzinə getmək idi. Tur rəhbərinə yaxınlaşırıq. Məlum olur ki, yolda vaxt itkisi çox olduğu üçün Atıcılıq Mərkəzinə və “Qəbələnd” istirahət Mərkəzinə getməyəcəyik. Pahooo. İşlər korlandı ki...

Yayı çək, oxu at...

Mən dözə bilmirəm. Axı tur proqramında Atıcılıq Mərkəzi və “Qəbələnd” İstirahət Kompleksi yazmısınız...Tur rəhbəri bildirir ki, bizi ora taksi ilə yola sala bilər. “Qəbələnd”ə getmək istəyən bir cütlük və biz ayrı-ayrı taksilərdə hərə öz istədiyi məkana yol alır. Atıcılıq Mərkəzi Nohur göldən 5-6 km aralıda yerləşir. Ora gedərkən yolda Həmzəli çayının üstündəki körpüdən keçdik. Yolboyu diqqətimizi bir şey cəlb edir: çayların suyu quruyur. Təəssüf! Amma çayların məcrasına diqqət yetirəndə məlum olur ki, geniş ərazini tutan çaylar olub.



Atıcılıq Mərkəzində az adam var. Bizi qarşılayan Elşən müəllim pnevmatik tapançaları bizə verir. Atırıq. 25 gülləmiz var. Özümüz az götürmüşük ki, burdan tez çıxa bilək. Axı o tərəfdə ox da atacağıq. Güllələrimizi nişangaha boşaldıb oxatma ərazisinə keçirik. Düzü, birinci dəfə idi ki, əlimizə kaman alırdıq. Amma çox maraqlı idi. Heyf ki, vaxt az idi. Geri dönmək lazım idi. Yayımızı çəkib, oxumuzu atıb bizi gözləyən taksiyə qaçırıq.



Yenidən Nohurgölə dönürük. Burada bizi tur yoldaşlarımız gözləyir, onları gözlətmək olmaz. Ləzzətli samovar çayı içiblər. Getmək lazımdır. Yol uzaq və dolanbacdır. Axşam saat 7-dir. Avtobuslara doluşuruq. Necə deyərlər, yolçu yolunda gərək. Üzü Bakıya yol alırıq. 20 Yanvar metrosunda kim istədi düşdü, kim istədi şəhərə tərəf getdi. Hamıya xoş gəzintilər arzulayaraq qrupdan ayrılırıq.



XÜSUSİ QEYD: Bunu mütləq qeyd etməliyəm ki, rayonlara gedərkən yolboyu heç bir işıqlandırma yoxdur. Avtomobillər bir-birinin, ya da öz işığı ilə hərəkət edir ki, bu da, məncə, düzgün deyil. Ümumiyyətlə, yolların gecələr işıqlandırılmasına getdiyimiz heç bir rayonda rast gəlmədik. Yaxşı olardı ki, yaxın kəndlərdən işıq çəkiləydi yollar az-çox işıqlandırılaydı. Zülmət qaranlıqda dolanbac dağ yolları ilə irəli şütüyən avtobusumuz nəhayət ki, bizi gətirib məkanımıza çatdırdı.

Bu dəfə üzü Qubaya...

Yenə Turizm.az şirkəti ilə danışıb bu dəfəyə Qubaya yola düşdük. Quba Bakiya yaxın rayondur. Bu dəfə bizimlə şirkətin daxili turlar departamentinin rəhbəri Sahib Ənsərov da gedir. Ona da kimliyimizi bildirmirik. Amma yəqin ki, bu yazıdan sonra biləcək.

Biz Quba turunda Təngə altı deyilən ərazidə yerləşən Afurca şəlaləsini görməyi planlamışdıq. Yenə səhər tezdən qalxıb deyilən yerə gəldik. Komfortlu kondisionerli avtobusa minib, xoşagələn musiqinin müşayiəti ilə Quba səfərinə çıxdıq. Burda bir haşiyə çıxacam:

Uzaq yollarda adətən insanların təbii ehtiyaclarını ödəmək üçün ictimai ayaqyolu olmalıdır. Birincisi, hələ indiyə qədər heç bir rayonun ərazisində belə bir şeyə rast gəlmədik. Əvəzində çoxlu restoran, kafe və yeməkxana var. Düzdür, həmin kafelərin ayaqyolusu var, amma çox bərbad gündədir. Atalar sözü var: mədəniyyət yoldan başlayır. Amma bu yollarda hər rayon öz ərazisində heç olmasa 5 - 10 normal ayaqyolu tiksə olmazmı? Ən azından benzindoldurma məntəqələrində belə xidmət olmalıdır. Pullu olsun, amma olsun. Yəqin ki, bu problemlə hamı rastlaşır. XX1-ci əsrin insanlarıyıq biz. Bəs belə olarmı? Təsəvvür edin ki, təbii tələbatını ödəmək istəyən kəs mütləq yol qırağı kafelərdən, restoranlardan birində oturub çay içməlidir ki, oranın ayaqyolundan istifadə edə bilsin. Bu, biabırçılıqdır. Üstəlik, həmin ayaqyolular elə pis vəziyyətdədir ki, uzaqdan görünüşünə baxıb yaxınlaşmaq belə istəmirsən, hələ oradan gələn üfunət iyini demirəm. Nə isə, turumuz “Beşbarmaq” adlı yerdə dayandı ki, insanlar özlərini rahatlasın. Burada qazanlarda qaynayan qarğıdalı, şişdə kabablar, qaynayan samovarlar, avtobusdan düşənlərin üstünə şığıyan satıcı və alverçilər dolu idi. Kimi satır, kimi alır. Ayaqyoluna yaxınlaşanda uzaqdan iki iri gövdəli kişinin ayaqyolunun qarşısında ədəb-ərkanla stul qoyub nərd oynadıqlarını gördük. Əvvəl bir şey başa düşmədik. Əcəba, bu qədər yer ola-ola nərdi burada niyə oynayırlar? Sonra başa düşdük ki, bu cüssəli kişilər tualet pulu yığanlardır...

Ayaqyolunun natəmizliyi bir tərəfdən, üfunət iyi bir tərəfdən, bu hay - hayda üstümə uzanan çirkli qadın əli də pul istəyir. Lap hövsələm daraldı. Qapıya bir pərdə vurmuşdular ki, kirindən yaxın durmaq olmurdu. Tualetə illərlə xlor-zad tökülmədiyi, yuyulub təmizlənmədiyi uzaqdan məlum idi. Hələ belə iyrənc yer üçün 20 qəpiyi tez istəyirlər. Camaat deyinə-deyinə birtəhər əlini yuyub oradan uzaqlaşır...

Yolçu yolunda gərək deyib, yolumuza davam edirik. Nəhayət, dağlar görünür. Bu da Təngə Altı. Buradan o yana yol yoxdur. Şəlaləyə qalxmaq istəyənlər gərək “Niva”lara minsinlər. Şəlaləyə 3-5 km yol ola, ya olmaya. Amma buna yol demək mümkündürsə. O qədər bərbad gündədir ki, atla zülümlə çıxmaq olar.



İki avtobus adamı görən “Niva” sürücüləri qiyməti qaldırıb qoydular ceyran belinə. 10 manata bizi aparmaq istəmədilər. Naəlac qalan tur rəhbəri köhnə “UAZ” markalı təcili yardım maşını ilə danışmalı oldu. Bizimlə gedən həkim və tibb bacıları hamısı “Təcili Yardım”a mindilər. Qaldıq biz. “Niva” maşınları 15 manata aparıb 10 manata geri qaytaracaqlarını bildirirdilər. Təbii ki, bu pulu da heç kim vermək fikrində deyildi. Sonda bir “Jiquli” markalı maşın 10 manata aparıb - gətirməyə razı oldu və biz də şəlaləyə getdik.



Məşhur “Afurca” şəlaləsi

Mən bu şəlalədə 1999-cu ildə olmuşam. O zaman “Şərq” qəzetində çalışırdım. Kollektiv yığılıb 30 nəfər getmişdik. Həmin xatirələrim yada düşdü. Lakin çox təəssüfləndim ki, rayona hər il dövlət büdcəsindən xeyli vəsait ayrıldığı halda, şəlaləyə qalxan 3-5 km-lik yol təmir olunmur ki, olunmur. 1999-da necə idisə, indi 16 ildən sonra da o vəziyyətdə qalıb. Sonra da deyirik ki, turizm niyə inkişaf etmir? Rayona gələn turist kimi mən şəlaləni görmək üçün mütləq burda işləyən taksilərin köməyi ilə daşlı - kəsəkli yolda atıla-atıla, çala-çuxura düşüb çıxmaqla yol getməliyəm? Sizə deyim Afurca şəlaləsinə maraq heç də az deyil. Biz ora gedən vaxtı bir qrup xarici turist də orada idi. İndi onlar yəqin öz ölkələrində bu haqda yazacaqlar. Yəni, rayon rəhbərliyi üçün bu qədər çətindirmi o yolu düzəltmək? Onu da qeyd edim ki, “Afurca” şəlaləsinin suyunu yaxın kəndlər götürdüyü üçün o gur şəlalədən əsər-əlamət qalmayıb. Vikipediyada “Afurca” şəlaləsi haqda görün nə yazılıb:



“Azərbaycandakı ən məşhur şəlalələrdən biri. Quba rayonu ərazisində Vəlvələçay üzərində yerləşir. Bu şəlalə Azərbaycan Respublikasının təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir.”



Amma biz o şəlaləyə getmək üçün çox bərbad bir yoldan istifadə etməlı olduq və həmçinin turistlər də. Region tv-nin verdiyi məlumata görə, bura il ərzində 35-45 min turist gəlir. Məhz şəlaləni görməyə. Afurca kəndi də öz adını bu şəlalədən götürüb və su sıçrayan yer deməkdir. 19-cu əsrdə ermənilərə qan uddurmuş Məşhur Qaçaq Mayılın mağarası da Afurca kəndindədir.



Xaricdən gələn turistlər məhz Afurca şəlaləsinə görə Afurca kəndində ev tutub qalırlar. Mənə elə gəlir ki, Quba rayon icra hakimiyyəti bunu nəzərə alıb şəlaləyə gedən yolu təmir etməlidir. O yol təmir olunsa və orada bir kafe açılsa, vallah turistlərin əlindən tərpənmək olmaz orada.

Yol Qəçrəşədir...

Afurcanı ziyarət edib şəlalənin suyundan içib geri dönürük. Yolumuz Qəçrəşədir. Rayon mərkəzindən kəndə olan məsafə 12 km-dır. Qəçrəş kəndi Qımılqazma kəndi ilə qonşudur və bir inzibati ərazi vahidliyinə daxildir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. İl ərzində kənd rayon büdcəsinə 500 000 AZN xeyir verir. Kənd demək olar ki, hər tərəfdən meşə ilə örtülmüşdür. Çoxlu sayda təbii bulaqlar var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da tez-tez rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və sairə heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan Çapaq balıq tutmaq mümkündür.





Azərbaycanın təbiətinin nə qədər gözəl olduğunu deməyə ehtiyac yoxdur məncə. Hamı bilir. Lakin Qəçrəşdən axan Qudyalçaya o qədər zibil tökülüb ki, gəl görəsən. Çay gözəldir, dağ və meşələr gözəldir. Amma mədəniyyət cəhətdən problemi olan insanlar bu gözəlliyi pis günə qoyurlar. Çay qırağını zibilliyə döndərən, çaya zir-zibil, yemək qırıntıları atan insanları görəndə adam bilmir neyləsin. Ayaqlarımızı soyunub çaya giririk. Buz kimi su və çay daşları ayağımızı qıdıqlayır, amma ehtiyatla hərəkət edirik ki, zibil ayağımıza dolaşmasın.



Qəçrəşdə meşənin içində tikilmiş evlər buldozerə verilib sökülsə də, elə o vəziyyətdə qalıb orada. Anlaşılmır ki, bu sökülüb xarabazara çevrilən evləri orada niyə saxlayırlar. Aydın məsələdir ki, qanunsuz tikili olduğu üçün sökülüb, amma söküntünü başa çatdırmaq lazım deyilmi?



Yarıuçurulmuş evlər orada kimə lazımdır ki? Bir neçə yerdə qalanmış tonqal izləri, zibilliklər qarşımıza çıxdı. Quba Meşə Təsərrüfatı İdarəsinin işidir, ya yox, onu deyə bilmərəm, amma hər halda bu barədə lazımi orqanları məlumatlandırmaq lazımdır ki, təmizlik işləri aparsınlar.



Nəhayət, Quba turumuz başa çatır. Evə dönmək vaxtıdır. Gözəllikdən zövq alan biri kimi içimizdə sevinc qarışıq təəssüf hissi ilə geri dönürük. Gözəlliyi görüb sevinmişik, amma zir-zibili, natəmizliyi görüb əhvalımız korlanıb. “Allah meşələri, çayları zibilləyənlərin bəlasını versin”, - deyib üzü Bakıya doğru yol alırıq...

Bakı-Qəbələ-Bakı,
Bakı-Quba-Bakı.


Sevda Elay (Əsgərova) QAZILER.AZ

Diaspora