Körpələr arasında yayılmış işləmə-qusmanın səbəbi nədir? - HƏKİM RƏYİ

Körpələr arasında yayılmış işləmə-qusmanın səbəbi nədir? - HƏKİM RƏYİ backend

"Yay mövsümündə uşaqlarda daha çox infeksion xəstəliklərin yayılmasının səbəbi bəzi çimərlik ərazilərində mikrobioloji vəziyyətin qənaətbəxş olmamasıdır. Bu isə uşaqlarda kəskin mədə-bağırsaq infeksiyalarının artması ilə nəticələnir. Uşaqlarda çoxsaylı ishal və qusma, əksər hallarda kəskin bağırsaq infeksiyasının əlaməti olur. Kəskin bağırsaq infeksiyası zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə olunur".

Bunu APA TV-yə müsahibəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

"Yay mövsümündə əsasən kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası məqsədi ilə çimərliklərdə sanitar-gigyenik vəziyyətlə bağlı təhqiqatlar aparmışıq. Dəniz suyundan virus yayılır. Gigiyena və Epidemiologiya Mərkəzi olaraq Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alındığı haqda məlumat vermişik. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə, sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub".

Ziyəddin Kazımovun sözlərinə görə, valideynlər ilk növbədə uşaqlarının qidalanmalarına diqqət yetirməlidirlər:

"Bu diaqnoz müxtəlif səbəblərdən, o cümlədən, yay mövsümündə qidaların tez xarab olması, eləcə də uşaqlara yaşına uyğun olmayan qidaların verilməsi, yaxud isti havada gün şüalarının altında çox qalmaları ilə əlaqədar ola bilər. Yay mövsümündə istər bakteriya, istərsə də viruslar tərəfindən törədilən qastroenteritlər baş verə bilər. Belə hallardan qorunmaq üçün ilk növbədə valideynlərin öz uşaqlarına qarşı maksimum diqqətli olması və bənzər əlamətlərlə vaxtında həkimə müraciət etməsi vacibdir".

Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatrı Nəsib Quliyev isə bildirib ki, çimərlikdə olmaq, daim günəş altında qalmaq, qarışıq qidalanmaq uşaqların bədən bioritmini pozur. Uşaqlar arasında qusma və ishalla müşayiət olunan və qastroenterit adlanan xəstəlik mövsümi xarakterlidir və bir qayda olaraq yay mövsümündə bu xəstəliklərin sayında nisbətən artım müşayiət olunur. Nəticədə, uşaqlar mövsümi xəstəliklərə yoluxur. Hazırda uşaqlar arasında allergik xəstəliklər, mədə-bağırsaq pozuntuları və günvurma ilə bağlı xəstəliklərə daha çox rast gəlinir. Nəsib Quliyev onu da bildirib ki, bu gün uşaqlarda baş verən xəstəliklər valideynlərin məsuliyyətsizliyindən baş verir:

"Bu gün bəzi valideynlər hətta peyvənd məsələsinə biganə yanaşırlar. Halbuki bu da uşaqların sağlamlığı üçün vacibdir. Yay mövsümündə uşaqlar üzərində nəzarət daha da çox olmalıdır. Xüsusən də uşaqlar çimərliyə valideyn nəzarətində getməlidir, onun neçə saat dənizdə və qumda qalmasına diqqət edilməlidir. Uşaqlara səhər saat 11-dən 16-dək qumda qalmaq olmaz. Bu zaman onların dərisində termik yanıq baş verəcək, ya da günvurmadan qusma, beyin ödemi əmələ gələcək. Amma bu, o demək deyil ki, dənizə getmək olmaz. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacibdir".

Uşaqların yay mövsümündə qidalanmasına gəldikdə, baş pediatr bu məsələdə də bəzi məsləhətlər verib. Onun sözlərinə görə, ailədə 1 yaşa qədər uşaq varsa, onun qida rejimi dəyişməməlidir. Nəsib Quliyev uşaqların immunitetinin gücləndirilməsi üçün yayın ən ideal dövr olduğunu bildirib.

Diaspora