Ötən gün avtomobilini bayraqla təmizlədiyinə görə polis tərəfindən saxlanılan Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev sərbəst buraxılıb.
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov deyib.
“Soltan Mehdiyevin 72 yaşında olması, ürəyindən 2 dəfə əməliyyat keçirməsi və dövlət bayrağımızla avtomobilini qəsdən deyil, bilmədən silməsi səbəbinə görə sərbəst buraxılıb. Polis əməkdaşları tərəfindən S.Mehdiyevə ciddi xəbərdarlıq olunub”, - inspektor bildirib.
Qeyd edək ki, Soltan Mehdiyevin avtomobilini bayraqla təmizləməsi barədə görüntüləri ötən gün sosial şəbəkələrdə yayılmışdı.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa formada təhqir etmək 1 ilədək azadlıqdan məhrumetmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.