“Yaxasındakı medalı sinəmə taxdı, mən də öz medalımı Oktay Kaynarcaya hədiyyə etdim...”

“Yaxasındakı medalı sinəmə taxdı, mən də öz medalımı Oktay Kaynarcaya hədiyyə etdim...” backend

“Medal nədir, adam istəyir lap ürəyini onlara çıxarıb versin”

 

“Bu görüş zamanı baş verən hadisələr məni xalqımızın bəzi fərdləri tərəfindən tənqidlərə məruz qoydu. Mənim Oktay Kaynarcaya hədiyyə etdiyim medalı bəzi insanlarımız xoş qarşılamayıblar. Türkiyə bizim qardaş ölkəmizdir. Türkiyənin ümumi Qazi və Şəhid ailələri dərnəyinin sədri sinəsindəki medalını çıxarıb, yaxama sancdı. Mən də buna cavab olaraq qardaşlığımızın əbədiliyini və böyük Turanın yaranmasına cavab olaraq hər zaman Azərbaycana dəstək olan Oktay Kaynarcaya medalımı verdim. Onun iştirak etdiyi filmlər hər zaman vətənpərvərlik mövzusunda olub. Bu da məni daha çox cəlb edib”

 

Bunu Moderator.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun döyüşçüsü, “Paşa” ləqəbli ehtiyatda olan baş gizir Banipaşa Əvəz deyib. O daha sonra məşhur aktyorla görüşünün təfərrüatlarını danışıb.

“Oktay Kaynarca ilə görüşümüz qəfildən oldu. Kim Oktayla istədiyi vaxt görüşüb, söhbət edə bilər ki?! Amma o insan ən vacib işlərini təxirə salıb, başqa şəhərdən məhz bizimlə görüşməyə gəldi, öz sevincini bölüşdü. Söhbətində hər zaman ölkəmizə dəstək olduğunu və bundan sonra da dəstək olacağına söz verdi. Vətənə xidmət etmək, vətəni qorumaq hər birimizin müqəddəs borcudur. Mən vətənə xidməti medala, ad-sana görə etmirəm. Bu torpaqlar bizə Allah tərəfindən əmanət verilib. Biz bu əmanətə sahib çıxmalıyıq. Xalqın alnını açıq, qəlblərini şad etdik, qisasımızı aldıq. Bu mənim üçün ən gözəl və üstün medaldır. Biz döyüşçüyük, məni kiminsə mənfi fikri maraqlandırmır. Boşboğaz insanlar yalnız vətənpərvər olmayan insanlar ola bilər. Mən harada nə edəcəyimi yaxşı bilirəm. Vətəni sevməyən, dəstəkləməyən bu ölkəni tərk etsin. İnsanların fikirlərini mənfiyə doğru yönəltməsinlər. Bu günki gündə bu torpaq uğrunda savaşan ən başlıca 20 illik qardaşlarını, sağlamlığını itirən bir şəxsə tənqid gəlir və mən bu tənqidə görə döyüşdə aldığım travmanın nəticəsində özümü narahat hiss edirəm. Müharibə olanda görəsən o tənqid yazanlar harada idi? Bu addımımı sevməyənlər türkü sevməyənlərdir. Türkün türkdən başqa dostu yoxdur. Hətta Türkiyədə taksi sürücüsü bizdən gediş haqqı almırdı, deyirdi ki, mən qazi qardaşımdan pul ala bilmərəm. Türkiyəyə səfərim zamanı çox böyük qürur hissi keçirtdim. Türkiyənin Müdafiə Nazirinin müavini, Ailə və Sosial Müdafiə naziri və müavini, 1-ci Ordu Korpus Komandiri, bir neçə şəhərin Bələdiyyə sədrləri, Millət vəkili Olcay Klavuz və Ali insanlar səfər boyu yanımızdan ayrılmadılar. Medal nədir ki? Adam istəyir lap ürəyini çıxardıb onlara versin. Bunlar düşüblər bir medalın arxasınca. Medal mənimdir, kimə istəyirəm təqdim edirəm” deyə o bildirib.

Diaspora