“Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanla bağlı məsələlərdə sadəcə üzərinə düşən rolu ifa etdi. O, heç bir mühüm qərarın alınmasında iştirak etməyib”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi Ermənistanın “politik.am” saytının redaktoru, yezidi kürd əsilli siyasi ekspert Boris Murazidir.
“Hətta erməni əsgərlərinin göndərilməsi belə onun iradəsi xaricində baş verib. Formal olaraq əmri verən odur, ancaq hər kəs gerçəklikdə kimlərin qərar verdiyini gözəl bilir”, - deyə o, bildirib.
Qazaxıstandakı hadisələrə toxunan erməni ekspert “qiyamın” yatırılmasından sonra Orta Asiyanın ən böyük respublikasının - Belarusun yolunu izləyərək Rusiya ilə “İttifaq dövləti”nin genişləndirilməsi haqqında sazişi imzalayacağına əminliyini ifadə edib.
Onun fikrincə, ruslar iğtişaşların Almatı xaricindən kənara çıxmamasına nail olmaqla onun bütün ölkəyə yayılmasına yol verməyiblər. Ona görə ən qanlı toqquşmalar da məhz bu şəhərdə baş verib.
“Qısa şəkildə ifadə edə bilərsək, biz burada Rusiya xüsusi xidmət orqanlarının hazırladıqları əməliyyata şahid olduq. Bu pantürkizm ideologiyasına qapılan Nursultan Nazarbayevi aradan götürməyə hesablanmışdı”, - deyə erməni analitik qeyd edib.