Bir neçə gün əvvəl vətəndaşlar unun bahalaşması ilə bağlı sosial şəbəkələrdə şikayətlər bildiriblər. Hətta çörəyin də qiymətinin artdığını deyənlər var. Bəs unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?
Qaziler.az Sonxeber.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Nur" çörək zavodunun rəhbəri Söhrab Cabbarov açıqlama verib.
O, çörəyin qiymətinin artmasını təsdiqləyərək bildirib ki, çörəyin qiyməti sabahdan 0.65 AZN olacaq:
"Bizdə indiyədək qiymət artımı olmamışdı. Lakin sabahdan "Nur" çörəyi artıq dövlət tərəfindən tənzimlənən bir qiymətə satılacaq. Bu günə qədər 0.50 AZN-ə olan çörək yanvar ayının 6-dan 0.65 AZN-ə satılacaq. Bazarda qiymət 40 faiz artıb. Zavodlar tərəfindən müəyyən güzəştlər olunduğu üçün biz 40 deyil, 30 faiz əlavə edəcəyik".