Ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək.
Ümumilikdə, sosial ödənişlərdə ardıcıl xarakter alan ciddi artım dinamikası pensiya təminatında da aydın şəkildə özünü göstərir.
Son 3 ildə reallaşdırılan sosial islahatların nəticələrindən biri kimi, ölkəmizdə minimum pensiya 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatdırılıb.
2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edək ki, gələn il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu 36,4% üstələyəcək.
Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya 60% artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.
