Qarabağ qazilərindən Prezidentə YUBİLEY TƏBRİKİ

Qarabağ qazilərindən Prezidentə  YUBİLEY TƏBRİKİ backend

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Onun 60 yaşı tamam olur. Bu münasibətlə “Qarabağ qaziləri” ictimai birliyi ölkə prezidentinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Azərbaycanda təməli hələ illər əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan – şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara dövlət qayğısı siyasəti Sizin rəhbərliyinizlə uğurla davam etdirilir.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmaları, şəhid ailələrinə, müharibə əlillərinə və onlara bərabər tutulan insanlara mənzillərin verilməsi istiqamətində sürətlənmə olmuşdur. Nəticədə xeyli sayda müharibə insanları 12 min mənzil, 7 mindən artıq Qazi isə avtomobillərlə təmin olunurlar. Təkcə bu il 2800 şəhid ailəsinə və Qarabağ əlilinə mənzil verilib.

Bundan başqa, bu kateqoriyadan olan insanların maddi və sosial rifahlarının yaxşılaşdırılması üçün məhz Sizin imzaladığınız fərmanla təyin olunmuş, aldıqları pensiyadan əlavə, Prezident təqaüdü onların həyat tərzini xeyli yaxşılaşdırmışdır.

Sizin apardığınız sosial siyasət bu gün də uğurla davam edir. Biz, Qarabağ qaziləri bu dəstəyi öz həyatımızda hiss edirik və dəstəkləyirik. Müharibə əlillərinin sosial reabilitasiya və müalicələri yüksək səviyyədə davam etdirilir.

Hörmətli Prezident!

2020-ci ilin 27 sentyabr tarixində əks hücumla başlanmış 44 günlük Vətən müharibəsi Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində böyük bir tarixi zəfər qələbəsi ilə başa çatmışdır. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, Qazilərimizə can sağlığı versin! Sizin də dediyiniz kimi, 44 günlük döyüşlər dünya hərb sahəsində bir təcrübəyə çevrilərək nümunə olmuşdur. Azərbaycan xalqı bu zəfər qələbəsini və sizi öz qəlbində daimi yaşadacaqdır.

Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və tapşırığı ilə 44 günlük Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməkdədir. Bütövlükdə şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan insanlara diqqət və qayğı göstərilməsi istiqamətində yaradılmış “Yaşat Fondu”, eləcə də yerli İcra Hakimiyyəti orqanlarında şəhid ailələri və müharibə əlillərinə xidmət etmək üçün yaradılmış xüsusi şöbələr təqdirə layiqdir. 

Dünən imzaladığınız fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək: I dərəcə əlilliyə görə - 8 800 manat; II dərəcə əlilliyə görə - 6 600 manat; III dərəcə əlilliyə görə - 4 400 manat. 

Birdəfəlik ödəmə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə -yəni 17-20 min ailəyə çox böyük dəstəkdir. Əgər nəzərə alsaq ki, həmin ailələrdə orta hesabla 5 ailə üzvü var, o zaman görərik ki, bu Fərman 100 minədək insanın rifahına birbaşa böyük dəstəkdir.

Bu Qarabağ müharibəsi əlilləri ilə bağlı növbəti - humanist, qayğıkeş və ədalətli bir addımdır.
Bütün ictimaiyyət Sizin Qarabağ müharibəsi əlillərinə bu qayğıkeş, humanist yanaşmanızı alqışlayır.

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu gün Sizin 60 yaşınız tamam olur! Yubileyinizdir! Bu münasibətlə minlərlə qazini öz sıralarında birləşdirən “Qarabağ qaziləri” ictimai birliyi Sizi təbrik edir! Sizə uzun ömür, can sağlığı arzulayırıq! Azərbaycanımızın inkişafı, çiçəklənməsi yolunda Sizə uğurlar arzulayırıq!

Biz Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də yanınızdayıq! 

Qarabağ Azərbaycandır!”

Diaspora