Polislə sürücü arasında mübahisə - VİDEO

Polislə sürücü arasında mübahisə -  VİDEO backend

Sürücü və yol polisi arasında mübahisəni əks etdirən video yayılıb. 

Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda yol polisi sürücüdən avtomobildə konstruksiya dəyişikliyinin olub-olmadığını soruşur.

Sürücü isə DYP əməkdaşına bunun qanunla tənzimlənmədiyini deyərək, yol polisinin tələbinə riayət etmir.

Sosial şəbəkə istifadəçiləri bu məsələdə sürücünün yoxsa yol polisinin haqlı olub-olmamasını müzakirə ediblər.

Məsələnin qanuni tərəfini dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli ilə əlaqə saxladıq. 

Polis mayoru Oxu.Az-a açıqlamasında bildirib ki, videodan da göründüyü kimi sürücü yol polisi əməkdaşına məsuliyyətdən boyun qaçırmaq məqsədilə lüzumsuz dialoq qurmağa cəhd edir:

“Lakin polis əməkdaşı üslubunu pozmadan işini peşəkar formada görməyə çalışır. Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb və aidiyyəti üzrə avtomobilin saxlanılmasının səbəbini izah edir. Çünki, “Yol Hərəkəti Haqqında” Qanunun 1 saylı əlavəsində avtomobilin nasazlıqlarının siyahısı qeyd olunub. Onun konstruksiyasında məqsədli edilmiş dəyişikliklərin və ya nasazlığın olmasını dəqiqləşdirməlidir. Belə ki, kənardan görünən vəziyyət hər iki halın dəqiqləşdirilməsini tələb edir. Məsələn, avtomobilin yayları istismar müddətini bitirib nasaz halda ola bilər və ya burada məqsədli müdaxilə də ola bilər. Hər iki hal ayrı-ayrı inzibati xəta tərkibi yaradır. DYP əməkdaşı da ona verilən səlahiyyət çərçivəsində normal qaydada sürücünü saxlayıb avtomobilə baxış keçirərək avtomobilin konstruksiyalarına hər hansı dəyişikliklərin edilib-edilmədiyini yoxlamalıdır ki, ədalətli qərar versin. Sürücü bu zaman avtomobildən düşməli və DYP əməkdaşına köməklik göstərməlidir. Ola bilər ki, avtomobilin arxasında hər hansı yük olsun bu da məsələyə ayrı yanaşma tələb edir. Bu baxımdan sürücünün iştirakı ilə avtomobilə DYP əməkdaşı tərəfindən baxışın keçirilməsi qanuni tələbdir. Görünən isə budur ki, sürücü əsassız mübahisə yaratmağa çalışır, bu da təbii ki, məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir. DYP heç bir halda sürücünü əsassız yerə saxlamır buna onun nə vaxtı, nə də imkanı var”.

A.Əsgərli onu da əlavə edib ki, avtomobillərin yaylarının qızdırılması və ya kəsilməsi halı aşkarlanarsa, sürücüyə 150 manat cərimə tətbiq edilməklə, nasazlığın aradan qaldırılması tələb edilir:

“Əgər bu kimi hallarda texniki nasazlıqlar şəxsin iradəsindən asılı olmadan baş veribsə, sürücünün vaxtında bu məqamlara düzgün müdaxilə etməməsi kimi qiymətləndirilir. Yəni “Yol Hərəkəti Haqqında” Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, sürücü bu halda 50 manat məbləğində cərimə olunur. Nəqliyyat vasitəsini istehsalçı tərəfindən müəyyən edilmiş standartlarda saz vəziyyətdə idarə etmək hər bir sürücünün borcudur. Nasaz avtomobillə törədilən qəza zamanı xəsarət dərəcəsindən və ölüm faktından asılı olaraq sürücü nəinki inzibati, hətta cinayət tərkibli əməldə belə bir mənalı təqsirli hesab edilə bilər.

Bunun üçün də bir daha sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, həyat və sağlamlığımızı məsuliyyətsizliyə qurban verməyin. Bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli olmağa dəvət edirik”.

loading...
Diaspora