Gələn il Günəş və Ay tutulmalarının vaxtı açıqlanıb

Gələn il Günəş və Ay tutulmalarının vaxtı açıqlanıb backend

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ilin tutulma hadisələrinin vaxtını açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

İlin ilk Günəş tutulması 30 aprel tarixində gerçəkləşəcək. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 30 aprel saat 22:45-də başlayacaq və 1 may saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə edilməyəcək.

İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.

Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 16-da baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq. Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu tam Ay tutulması hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə edilməyəcək.

İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu tutulma da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə edilməyəcək. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaq.

loading...
Diaspora