Bakı-Quba yolunda aparılan təmir işləri yekunlaşıb

Bakı-Quba yolunda aparılan təmir işləri yekunlaşıb backend

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı istiqamətinə doğru olan 11 kilometrlik hissəsində aparılan təmir-bərpa işləri artıq yekunlaşıb.


“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Təmir-bərpa işləri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.

Təmir-bərpa işləri magistral yolun 119-130-cu kilometrlik hissəsində aparılıb. Sözügedən ərazidə normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsi deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpası işləri görülüb. İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Aparılan təmir-bərpa işləri çərçivəsində ərazidə qazma-dolma və torpaq işləri görülüb, bundan sonra yola alt və üst qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsinin eni 1,5 metr genişlənib. Yol kənarında təqribən 3 metr enində çiyin yaradılıb. Bundan başqa, yolun ayrıcı zolağında olan əyrixətli dəmir tirlər beton arakəsmə ilə əvəzlənir. Beton plitələr üzərində təkərqaytaranların mövcudluğu sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Artıq təmir olunmuş yolun bir hissəsinə bu cür beton arakəsmələr qoyulub və bu işlər davam etdirilir.
Diaspora