Bu gün Azərbaycanın Milli Qəhrəmanları Hidayət Rüstəmov və Faiq Ağayevin şəhid olduğu gündür. Vətənimizin igid oğulları 1991-ci ilin 23 dekabrında Meşəli camaatını xilas edərkən öz həyatlarını qurban veriblər.
Qaziler.az xatırladır ki, Hidayət Eldar oğlu Rüstəmov 19 avqust 1970-ci ildə Ağdamın Xıdırlı kəndində doğulub. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib.
1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.
1991-ci ildə Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olub.
23 dekabr 1991-ci ildə erməni işğalçıları Meşəli kəndinə hücum edərkən ağılasığmaz vəhşiliklər törədirlər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət Rüstəmov qəfil sərrast atəşlərlə erməni quldurların xeyli qüvvəsini məhv edir. Erməni faşistləri evə od vururlar. Lakin qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşaraq həlak olur. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağayev Faiq Alış oğlu 1969-cu il 6 iyun tarixində Ağdamın Papravənd kəndində dünyaya gəlib.
1990-cı ilin sentyabrında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.
1991-ci ilin 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır, günahsız, silahsız insanlar, körpələr, yaşlılar vəhşicəsinə qətlə yetirilir. Bu zaman azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırlar. Uçurulmuş evlərdən birini özünə isthkam seçən Faiq Ağayev dəqiq atəşlərlə erməni vandallarını məhv edir. Həmçinin düşmənin atəşini özünə cəlb etməklə onlarla qadın və uşağı xilas edir.
O son ana qədər mövqeyini tərk etmədən vuruşur və günahsız insanların həyatını xilas edərək öz canını qurban verir.
Subay idi.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
QAZİLER.AZ