Sentyabrın 5-6-da Muzey Mərkəzində tanınmış şokolad ustası Nikolya tərəfindən eksklüziv ustad dərsi təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir. Dərsləri müəllif, eyni zamanda "Nikolya" Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov keçirəcək.
Ustad dərsində iştirak edən hər bir şəxs unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcək. Ustad dərsi zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.
Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi mayın 16-dan Bakıdadır.
"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.