“Media haqqında” yeni hazırlanmış qanun layihəsi istiqamətində müzakirələr davam edir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Rəhimoğlu EDNews.net-ə açıqlamasında qanun və hazırda gedən müzakirələrlə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, “Media haqqında” yeni hazırlanmış qanun layihəsi və sənədin həm müzakirəyə, həm vətəndaş cəmiyyətinə bu qədər açıq olması çox müsbət haldır.
Bütün bunlar aydın şəkildə onu göstərir ki, qanun layihəsi çox demokratik şəraitdə hazırlanıb və ciddi müzakirələr nəticəsində qəbul edilməsinə çalışılır. Bu sahə ilə bağlı qəbul edilən qanunlarda uzun zamandır mövcud olan boşluqlar nəinki Azərbaycanda media mənsublarını, həm də sadə vətəndaşların narazılığına səbəb olub. Yeni hazırlanan qanun isə Azərbaycanda təkcə çap mətbuatını deyil, həm də elektron medianı tənzimləyəcək.
Bu həm də media sahəsində çalışan insanların ən çətin anda öz hüquqlarının müdafiəsi üçün vacibdir, labüddür! Məsələyə təkcə məhdudlaşdırma prinsipi ilə yanaşsaq, o zaman ümumiyyətlə heç bir sahədə qanun qəbul olunmalı deyil. Unutmayaq ki, qanunlar həm də illərlə müvafiq sahələrdə oxuyan, çalışan, əziyyəti ilə bir yerlərə gələn və fəaliyyəti zamanı hansısa çətinliklərlə üzləşənlərin haqlarını tapdayan, öz maraqları naminə görməzdən gələn başqa birinin qarşısında qanun çərçivəsində hüquqlarını müdafiə etmək haqqının olmasıdır.
“Media haqqında” qanun hələ Milli Məclisə təqdim edilməmişdən də əvvəl çox geniş müzakirələr aparıldı. Demək olar ki, bu istiqamətdə nəinki jurnalistlərin, hətta jurnalistlərlə çalışan az qala bütün qurumların müvafiq şöbələrindən də təkliflər alındı. Hazırda da az qala hər dəyirmi masada, hər iclasda təkliflər müzakirə olunur. Qanunu hazırlayan Media Agentliyinin rəsmiləri məhz bu gün keçirilən İnsan hüquqları, Hüquq siyasəti və Dövlət quruculuğu komitələrinin iclasında, eyni zamanda media patronlarının da qoşulduğu birgə genişləndirilmiş onlayn iclasda təkliflərə açıq olduqlarını və bununla bağlı müvafiq quruma müraciətləri çox ciddi incələdiklərini elan etdilər. Yəni, Milli Məclisdə də ciddi və geniş müzakirələrin davam etməsi “Media haqqında” yeni hazırlanmış qanun layihəsinin nə qədər demokratik şəraitdə hazırlanması və qəbuluna çalışılmasının göstəricisidir. Bununla bağlı Azərbaycan mediasının çox tanınmış isimlərinin fikirlərini, təkliflərini izləmişəm, özüm də bu müzakirələrdə birbaşa iştirak edirəm. Ümidliyəm ki, bu fikir və təkliflərin bir qismi Mili Məclisdə qanunun növbəti müzakirələri zamanı nəzərə alınacaq. Yeri gəlmişkən, bu istiqamətdə Media Agentliyinin fəaliyyətini yüksək qiymətləndirirəm”.