MTRŞ sədri televiziyalardakı nöqsanlardan danışdı

MTRŞ sədri televiziyalardakı nöqsanlardan danışdı backend

“Televiziyalarda yayımlanan verilişlərlə bağlı daim monitorinq aparılır və verilişlərin qanunla müəyyən edilmiş normalara uyğun olub-olmadığı yoxlanılır”.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.

O bildirib ki, verilişlərin bayağı olub-olmamasını müəyyən etmək üçün qanunvericilik bazası yoxdur:

 

“MTRŞ və ya digər qurumun müstəqil redaktor fəaliyyətinə müdaxiləsi qadağandır. Əks halda bu, senzura amili olar. Yəni hər hansı bir verilişə bayağı deyərək onu bağlamaq qəbuledilməz bir yanaşmadır. Təbii ki, burada başqa bir məqam var. İctimai qınaq öz sözünü deyir və Şuranın da bu istiqamətdə tövsiyələri olur”, – deyə İ.Səttarov bildirib.

Onun sözlərinə görə, bəzən sosial məzmunlu verilişlərdə konkret qanun pozuntuları qeydə alınır və həmin qanun pozuntularına görə də cərimələr tətbiq edilir:

“Tək sosial verilişlərdə deyil, digər verilişlərdə, o cümlədən xəbərlərdə də problemlər olur. Biz bunları müzakirə edirik, baş redaktorları, xəbər redaktorlarını, aparıcıları dəvət edirik. Bəzi ümumi məsələlər, mövzular var ki, onun ictimailəşdirilməsi, yayımı qadağan deyil, amma cəmiyyət tərəfindən çox pis qarşılanır və ona görə də bəzi mövzular var ki, onlara toxunmamaq məsləhət görülür. Aparıcılar da, redaktorlar da bunları anlayışla qarşılayırlar.

Bir misal gətirim. 11 yaşlı qızın zorlanması faktı çox geniş işıqlandırıldı. Ondan sonra bizim televiziya rəhbərləri, baş redaktorlarla müzakirələrimiz oldu ki, gələcəkdə belə hallar olanda təqdimat formasına diqqət yetirilsin. Yəni təqdimat cəmiyyəti narahat etməyəcək şəkildə olmalıdır. Məlumatı təqdim etmək formasından da çox şey asılıdır. Əgər sən o hadisədən böyük bir şou yaradırsan və yaxud hansısa doğru olmayan məsələləri ora əlavə edirsənsə, bu, əlbəttə pozuntudur. Çalışırıq ki, həm qanunvericiliyin tələblərini pozmadan, həm də ictimai maraqları nəzərə alaraq bu cür halların qarşısı alınsın”, - deyə MTRŞ sədri vurğulayıb.

loading...
Diaspora