2021 onlara düşmədi... - FOTO

2021 onlara düşmədi... -  FOTO backend

Hər il olduğu kimi, bir neçə günə geridə qoyacağımız 2021-ci il də ölkədə bir sıra yüksək vəzifəli məmurların işdən azad edilməsi ilə yadda qalıb.

Bu il vəzifəsini itirən məmurlar da müxtəlif sahələrin təmsilçiləri olub. Belə ki, ən yüksək postlardan sayılan nazir vəzifəsi, ASC sədrləri, nazir müavini, icra başçısı, hərbi sahədə bir sıra yüksək ranqlı generallar, ölkəni xaricdə təmsil edən bir neçə səfirlər öz kreslosu ilə vidalaşmalı olub. Bildirək ki, vəzifədən gedənlər sui-istifadə əməllərinə görə, şəxsi ərizələri ilə, digər vəzifəyə keçməkləri və başqa səbəblərdən işdən azad ediliblər. Onların arasında vəfat edəni də var. 

“Qafqazinfo” bu məqamda vəzifəsini itirənlər barədə qısa icmalı oxuculara təqdim edir:

Hələ 2020-ci ilin sonlarından Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifəsindən azad edildiyi haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi bununla bağlı xəbəri 2021-ci ilin əvvəlində təsdiqlədi. Belə ki, nazirlik yanvarın 28-də verdiyi açıqlamada Nəcməddin Sadıkovun hərbi xidmətdə olmadığını bəyan etdi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.

Bu il Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılova da düşmədi.

Fevralda yayılan rəsmi açıqlamada onların Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri əsasında vəzifələrindən azad edildiyi bildirildi. Elə 1 ay sonra Rövşən Əkbərov barəsində həbs qətimkan tədbiri seçildi. Bu ilin oktyabrında o, iş adamı Elçin Əliyevi öldürmək ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edildi.

Uzun illər Azərbaycanın səhiyyə sisteminə rəhbərlik edən Oktay Şirəliyevin bu ilin aprelində vəzifədən azad edilməsi ilin ən yaddaqalan hadisələrdən birincisi hesab oluna bilər.

Şirəliyev 16 il ölkənin ən vacib postuna rəhbərlik etsə də, ölkənin səhiyyə sistemində baş verən bir sıra hadisələrə səssizliyi ilə seçilib. Xüsusilə iki ildir ki, dünyada davam edən koronavirus pandemiyası ilə bağlı fövqəladə bir durumda onun səssizlik nümayiş etdirməsi ictimaiyyət arasında haqlı narazılıqlara gətirib çıxarmışdı. Mediaya qapalı olan 71 yaşlı məmurla bu sahədə baş verən problemlərlə bağlı diskussiya aparmaq imkanı demək olar ki, mümkün olmayıb. 

Şirəliyevin vəzifədən azad edildiyi ay həmkarı gənclər və idman naziri Azad Rəhimovun vəfat xəbəri yayıldı. 15 il bu vəzifəni tutan Rəhimov aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada, 57 yaşında dünyasını dəyişdi. O, ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə alırdı.

Mərhum nazir məşhur “Formula-1” idman yarışmasını Azərbaycana gətirməsi ilə yadda qalıb. Onun fəaliyyəti dövründə azərbaycanlı idmançılar bir sıra olimpiadalarda yüksək medallara layiq görülüb. O, həmçinin media nümayəndələrinin və ictimaiyyətin hafizəsində ünsiyyətcil nazir kimi də fərqlənib. 

İlin sonuna yaxın, noyabrda Azərbaycan gənclər və idman nazirinin iki müavini də vəzifədən getdi. İllərdir bu postu tutan İntiqam Babayevlə İsmayıl İsmayılov işdən azad olundular. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini uzun illər icra edən Əhməd Əhmədzadə də 76 yaşında işi ilə vidalaşmalı olub. 

O da adıçəkilən vəzifəni 15 il icra edib. Sabiq ASC sədrinin hazırda nə işlə məşğul olması barədə məlumat yoxdur. Meliorasiya və su təsərrüfatına rəhbərlik etdiyi dövrdə Əhmədzadə bu sahənin inkişafında xüsusi xidmətləri ilə fərqlənməyib. Qocaman məmurun özü isə ictimaiyyətə açıq olmayıb.

2021-ci ilin yayında dövlət başçısı Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanı da vəzifəsindən azad etdi.

Digər bir ASC sədri “Azərxalça” adlı quruma rəhbərlik edən Vidadi Muradov isə 2021-ci ildə külli miqdarda mənimsəməyə görə vəzifəsini itirən, daha sonra isə həbs edilən yüksək vəzifəli məmurlardan biridir.

Onun barəsində CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.

O, bu ilin noyabrında səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb. Ancaq elə ev dustaqlığına buraxıldığı ilk günlərdə o, vəfat edib. 

10 ildir “Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov üçün də 2021-ci il düşərli olmayıb. Cari ilin mayında vəzifəsindən azad edilən Q. Hüseynov bir müddət öncə öz dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Qeyd edək ki, sabiq sədr bundan əvvəl bir sıra vəzifələrdə çalışıb. Onun hazırda nə işlə məşğul olduğu məlum deyil. 

Bu il həm də son illərdə rast gəlinməyən bir məmurun istefası ilə yadda qaldı. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz vəzifəsindən istefa verdi. İstefasını özünün tvitter hesabında elan edən Bayramlı bildirib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağı üçün ərizə ilə müraciət edib.

R. Bayramlının fəaliyyəti dövründə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında müəyyən anlaşılmazlıqların baş verdiyi barədə məlumatlar yayılırdı. Bildirilirdi ki, nazirliyin vəzifəyə təyin etdiyi baş həkimlər əsasən TƏBİB tərəfindən qəbul edilmir. Bundan əlavə, tibb işçilərinin də koronavirus pandemiyası dövründə onlara hesablanmış maaşlar barədə narazılıqları da var idi. 

Bayramlının ölkənin məşhur laboratoriyalarından birinə rəhbərlik etdiyi, koronavirus pandemiyası dövründə həmin klinikada test qiymətlərinin baha olması iddia edilir və tənqid olunurdu. Həmçinin, sabiq məmur vəzifədən getmədən bir müddət qabaq özünə villa tikdirməsi xəbəri ilə gündəmə gəlmişdi. 

Bu il də bir sıra icra başçıları Prezidentin sərəncamı ilə öz postundan azad edilib. 7 il vəzifədə qalan Şəmkirin icra başçısı Alimpaşa Məmmədov DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Mənimsəmə və korrupsiya əməllərinə görə barəsində həbs qətimkan tədbiri seçilən sabiq icra başçısı hazırda dəmir barmaqlıqlar arxasındadır. Sabiq icra başçısının hazırda istintaqı davam edir. O, hələ məhkəmə qarşısına çıxarılmayıb.

Dövlət başçısı İlham Əliyevin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov da vəzifəsindən azad edilib. 

Digər sərəncam ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vəzifəsindən azad edilib.

O, 3 il sözügedən vəzifəni icra edib. Hazırda Mustafayev Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.

Bu il həmçinin təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilməsi barədə məlumat yayıldı.

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Daha sonra M. Vəliyevanın hicab taxdığına görə nazirlikdəki vəzifəsindən uzaqlaşdırıldığı haqda iddialar yayılıb. Amma nazirliyin rəsmi məlumatında buna dair xəbər təkzib edilib və Vəliyevanın səhhəti ilə əlaqədar öz vəzifəsindən getdiyi bildirilib. 

Sentyabrda “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov dövlət başçısının sərəncamı əsasında vəzifəsini itirdi.

Adı bir neçə qalmaqalda hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova da vəzifəsindən gedən məmurlar sırasındadır.

57 yaşlı Xalidə Bayramova Səbail RİH-də birinci müavin kimi 4 icra başçısını yola salsa da, 14 ildir ki, rayonda ən önəmli vəzifəni idarə edirdi. Onun adı hələ 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Həmçinin X. Bayramovanın yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət etməsi barədə də mediada məlumat yayılmışdı. 

2021-ci ildə vəzifəsini itirənlər arasında Azərbaycan Ordusunun məşhur generalları da var. Belə ki, Baş qərargah rəisinin müavini general-leytenant Zahid Hüseynov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi general-mayor Lənkəran Əliyev və İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general mayor Rasim Əliyev yaş həddinə görə ehtiyata buraxılıblar.

Prezident İlham Əliyev bu il Dövlət Neft Şirkətinin vitse-prezidentləri ilə bağlı da mühüm sərəncamlar verdi. Belə ki, dövlət başçısının imzaladığı sənədlərlə Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov şirkətin vitse-prezidenti vəzifələrindən azad edildi. 

Bundan əlavə, Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov da sözügedən vəzifəsindən azad edilib.

Düzdür, bu məlumatlar rəsmi təsdiqlənməsə də, faktiki olaraq Həsənovun bu ilin avqust ayında öz vəzifəsini icra etmədiyi qeyd edilir. Hazırda general haqqında açıq mənbələrdə formalaşdırılan informasiyada onun Hərbi Akademiyanın rəis müavini kimi xidmət etdiyi bildirilir.

Qeyd edək ki, H. Həsənov Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında adı çəkilmirdi. O, ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq belində 3 yerdə sınıq əmələ gəlib. Onun hazırda da hospitalda müalicəsini davam etdirdiyi də bildirilir. 

Bu ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən bu Xidmətin rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi, general-mayor Həməmməd Həsənov tutduğu vəzifəsindən azad olunaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini təyin edilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Qərargah rəisinin müavini, polkovnik Elşad Həsənov isə vəzifəsindən azad olunaraq Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi. O Prezident Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov öz qudasını vəzifədən azad etməsi də ilə damğa vuran son hadisələrdən hesab oluna bilər. Talıbovun sərəncamı ilə Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Nəriman oğlu Ələkbərov vəzifəsindən azad edilib.

Qeyd edək ki, F. Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb. 2017-ci ildən isə  Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilib. 

loading...
Diaspora