Prezident Cəlilabadda bir sıra obyektlərdə olub - YENİLƏNİB

Prezident Cəlilabadda bir sıra obyektlərdə olub - YENİLƏNİB backend

Prezident İlham Əliyev “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısına iri fermer təsərrüfatları, habelə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verilib.

Qeyd olunub ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxıb.

Dövlət başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.



***
15:09
Prezident İlham Əliyev Cəlilabada Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni körpələr evi-uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da böyük xidmətlər göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün səylə çalışır.
Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.
Körpələr evi-uşaq bağçasının ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb. Uşaqların əyləncəsi üçün müasir tipli əyləncə attraksionları quraşdırılıb, oyun meydançası yaradılıb. Binanın inşasına 2014-cü ilin sonunda başlanılıb. Təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib.
Foyedə Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, uşaqlara diqqətini əks etdirən fotoguşələr var. Ümumi sahəsi 1500 kvadratmetr olan məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilib. Buradakı qrup otaqları balacaların zövqünə uyğun yaradılıb. Yeməkxanada uşaqların normal qidalanmaları üçün bütün imkanlar var. Binadakı yataq və oyun otaqları da balacaların böyük marağına səbəb olacaq. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb.
Məktəbəqədər təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsinin keyfiyyəti vacib amillər kimi əsas götürülüb. Onların intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması burada diqqət mərkəzində saxlanılır.
Görülən işlər göstərir ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da xüsusi əhəmiyyət daşıyır. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

****
12:49
Prezident İlham Əliyev Cəlilabad rayonuna səfərə gedib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.
Diaspora