Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib - YENİLƏNİB

Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib -  YENİLƏNİB backend

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

APA-nın məlumatına görə, müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırlanan qanun layihəsində bir sıra prinsipial məsələlər öz əksini tapıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycanda “Kütləvi informasiyalar haqqında” qanunun qəbulundan artıq 20 il vaxt keçir: “Bu gün Azərbaycan Mətbuat Şurasına 16 mindən çox şikayət daxil olub. Bu qanunun çap mediası ilə bağlı hissəsində müəyyən prinsiplər pozulursa, həmin medianın 2 aya qədər fəaliyyətini dayandırması ilə bağlı maddə əksini tapıb. Vaxtilə “Naxçıvan” adında 20-dən çox qəzet var idi. Yeni layihədə birmənalı qaydada bunların qarşısının alınması nəzərdə tutulub. Bu vaxta qədər Ədliyyə Nazirliyindən aldığımız məlumata görə, Azərbaycanda təxminən 6000-ə yaxın KİV fəaliyyət göstərir. Araşdırma apardıqda isə onların sayı heç 800 nəfəri keçmir. Media Reyestrinin mövcud olması bu halların qarşısını alacaq. Biz 10 il bundan qabaq araşdırma aparmışdıq, jurnalist vəsiqəsi olan 25 mindən çox şəxs var idi, amma bunun real sayı 2 mindən çox deyil. Qanunun mahiyyətində şəxsiyyətin toxunulmazlığı ana xətt kimi keçir”.

Deputat Razi Nurullayev qanun layihəsində olan çatışmazlıqlara toxunub və fikirlərini bölüşüb: “Gizli foto və video çəkilişlərlə bağlı məsələ qanunda yer alıb. Bizdə media iqtidar və müxalifə bölünüb. Mediaya tam sərbəstik verilməlidir və onlar qəlibdən çıxarılmalıdır”.

Qüdrət Həsənquliyev təklif edib ki, jurnalistlərə dair tələblər ciddiləşdirilsin: “Vəkillər test verir, sonra vəkillik hüququ qazanır. Eyni zamanda jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın. Bundan başqa ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı layihədə maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır. Bu maddəni götürməliyik. Digər tərəfdən siyasi partiyalar çap mediası istisna olmaqla media subyekti yarada bilməyəcək. Amma burda bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar”.

APA Media Group”un Baş direktoru Vüsalə Mahirqızı bildirib ki, qanun layihəsinin xeyli müsbət məqamları var: “Ən əsası dili mükəmməldir. Eyni zamanda burada köhnə qanunumuzun yeni media reallıqlarına uyğunlaşmaması ilə bağlı problemlər var idi. Mənimçün ən müsbət olan jurnalistə, media subyektinə ayrıca anlayış verilməsidir. Reyestrin yaradılmasını da müsbət hesab edirəm”.

Baş direktor vurğulayıb ki, qanun layihəsinin mediada buna qədər də geniş müzakirə olunması da müsbət haldır.

V. Mahirqızı qeyd edib ki, ancaq bununla paralel qanunda bəzi sual yaradan maddələr də var: “Media canlı orqanizmdir. Canlı yayımda iştirakçıların emosiyaları arta bilər və hansısa ifadəyə yol verə bilər. Buna görə niyə media subyekti cəzalandırılmalıdır? Burada bu müddəanın qoyulması sabah istənilən media qurumuna irad tutulmasına əsasdır. Və yaxud da qanunda 15-ci maddənin 15.1.3-cü bəndində göstərilən maddə o deməkdir ki, bizim hadisələri, xüsusilə kriminal hadisələri yazmaq və çəkmək imkanımız xeyli məhdudlaşdırılır. Sosial şəbəkə istifadəçisi olan hər bir şəxs məlumat daşıyıcısı yox, məlumat ötürücüsüdür. Bunu həmin hadisənin iştirakçısı olan bir şəxs yayacaq, onda necə olacaq? Axı indiki sosial media erasında belə məhdudiyyət nəyə lazımdı? Eyni zamanda nəzərə almalıyıq ki, istənilən hadisənin ictimailəşdirilməsi istintaq araşdırmasının şəffaf aparılmasına da dəstəkdir".

V. Mahirqızı qeyd edib ki, sual doğuran digər müddəa internet televiziyalarının peyk yayımına çıxması ilə bağlıdır: “Ancaq burada müsabiqə şərti əlavə edilib. Bu zaman peyk yayımçısının yerüstü yayımçıdan nə fərqi olacaq? Bu suala aydınlıq gətirilsə, yaxşı olar”.

V. Mahirqızı layihənin digər maddələri ilə bağlı da öz fikrini bildirib.

Deputat Elman Nəsirov Qüdrət Həsənquliyevin təklifini dəstəkləyib və jurnalistlərin attestasiyadan keçməsini təklif edib: “Bizdə olan jurnalistlərin sayını dəqiq bilən yoxdur. Xarici dildə bilən jurnalistlərin sayı bilinsə, yaxşı olar”.

“Real” TV-nin baş direktoru Mirşahin Ağayev isə vurğulayıb ki, qanun təkcə Azərbaycan mediasının müstəqilliyini yox, eyni zamanda Azərbaycan dövlətinin də müstəqilliyini ehtiva edən sənəd olmalıdır: “Harda dövlət müstəqilliyi başlayır, harda vətəndaş məsuliyyəti bitir aydınlaşmalıdır. Bu qanunun bizi gücləndirməsinin yolu araşdırılmalıdır, daha ayaqlarımızı, əllərimizi bağlamamalıdır. Eyni zamanda bu ayaqlar Azərbaycan dövlətinin əleyhinə çevrilməməlidir. Biz çox istəyirik ki, qanun bizə əl-qol açmağa imkan versin. Milli Məclisin üzvləri bunun bizim dövlətimiz əleyhinə qalxmamasına diqqət etməlidir”.

“Xəzər” TV-nin baş direktoru Murad Dadaşov bildirib ki, sabitliyi pozmağın ən asan yolu bunu media vasitəsilə etməkdir: “Bu gün küyə gedən bir kütlə var. İnsanlara, qurumlara qarşı kampaniyalar aparılır. Heç bir məhkəmə buna görə heç nə edə bilmir, amma nəsə tədbir görmək istəyəndə də həmin şəxslər də deyir jurnalistəm, söz azadlığım var. Biz bu qanunu həmkarlarımız üçün rahatlaşdırsaq da, dövlət və dövlətçilik prinsiplərini unutmamalıyıq. Dövlət və dövlətçilik prinsipləri hər şeydən üstündür”.

Osman Gündüz lisenziyalarla bağlı maddələrə toxunub: “APA TV, Musavat TV nəyi lisenziyalaşdıracaq? İkincisi, müqaviləsi olan və ya olmayan jurnalistlərlə bağlı maddə geriyə doğru addımdır. Qanun inkişafa kömək etməlidir. Biz niyə televiziyaların peykə çıxmasına mane oluruq? Qoy peykə çıxsınlar. Yəni qanunda çərçivələnmə, məhdudiyyətlər yer alıb. Bu inkişafın qarşısını alacaq, media qurumlarının pul qazanmasına mane olacaq. Dünyada, regionda informasiya uğrunda mübarizə gedir. Bizim televiziya, media qurumları beynəlxalq, qlobal, regional bazara nə vaxt çıxacaq? Burada çoxlu şübhələr var. Qanuna sırf informasiya baxımdan yanaşılıb, burada biznes məqamları də var axı”.

O.Gündüz qanunda MTRŞ-nin rolunun azaldıldığını, MEDİA Agentliyinin rolunun isə ifrat qabardıldığını diqqətə çatdırıb: “Sabah bizim televiziyalar üçün konservativ mühit formalaşa bilər. Gələn ildən peyklər hamısı işləyəcək, fiziki şəxslər özləri peyklə əlaqəyə girəcək. Buna görə də biz qanunda bunları nəzərə almalı, dünya ilə ayaqlaşmalıyıq”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov isə diqqətə çatdırıb ki, qanun layihəsində media orqanının fəaliyyətə başlamazdan öncə icazə mexanizminin sadəliyi ilə bağlı maddə onu narahat edir: “Bu qanun layihəsində həmin punkt gələcəkdə qeyri-peşəkarların media sahəsində çoxalmasına şərait yaradacaq. Bu, bir qədər sərtləşdirilməlidir. Bir çox hallarda yarana biləcək problemin qarşısını ala bilmək üçün sərtləşməyə getmək lazımdır”.

O təklif edib ki, Reyestrə daxil olmaq istəyən şəxslər üçün konkret öhdəliklər müəyyən edilsin.

“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı qeyd edib ki, qanun layihəsində arzu edilənlərin hamısı əksini tapmayıb: “Qanunda olan maddələrin işlənmə mexanizminin necə olacağı bizi düşündürür. Biz hər gün istər onlayn mediada, istər “Youtube” kanalında söyüşlərlə, təhqirlərlə üz-üzəyik. Bunun qarşısını almaq mümkün deyil. Qanun qüvvəyə minəndən sonra bunun qarşısını almaq mümkün olacaq, ya yox, bu suala aydınlıq gətirilməlidir”.

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud qanun layihəsinin qəbulundan sonra bütün mediaya kompleks yanaşma tətbiq olunacağını diqqətə çatdırıb: “Əvvəl televiziya, çap və s. sahələrdə ayrı-ayrı qanunvericilik bazası mövcud idi. Bu layihəni təhlil etməyə vaxt lazımdır. Buna görə də media rəhbərlərini dəvət edib dinləmə keçirilə bilər. Bizi narahat edən məsələləri diqqətə çatdırmaq üçün bu layihəyə baxılmalıdır”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov da qanun layihəsi ilə bağlı fikirlərini bildirib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qanun layihəsinin müzakirələrdən əvvəl onlara verilməməsinə etiraz edib: “Guya adı oldu ki, bu layihənin ictimai müzakirəsi həyata keçirilib. Amma müzakirə çox qəribə şəkildə keçirilib. Guya, KİV-lərdə, redaksiyalarda bunun ictimai müzakirəsi təşkil edilib, bunlar da əsasən dövlət Kütləvi İnformasiya Vasitələri olub. Düşünürəm ki, bunun daha geniş ictimai müzakirəsini təmin etmək mümkün olardı”.

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı Vüqar Zifəroğlu təklif edib ki, media savadlılığı məsələsinə qanunda daha geniş yer ayrılsın: “Mediada savadlılıq bu gün çox ciddi problemlərdən biridir. Digər tərəfdən reket jurnalistika məsələsi qalmaqdadır. Onlar yenə əvvəlki kimi fəaliyyət göstərəcəksə, o zaman nə dəyişəcək? Reyestrdən jurnalist vəsiqələrinin verilməsi fikrini dəstəkləyirəm, amma digər jurnalist vəsiqəsi ilə reket jurnalistlər yenə fəaliyyət göstərə biləcək. Bunun qarşısının necə alınacağı məsələsinə aydınlıq gətirilməlidir”.

İclasda iştirak edən digər media nümayəndələri də qanun layihəsi barədə fikirlərini bölüşüb.

İşçi Qrupun rəhbəri Əhməd İsmayılov sualları cavablandırıb.

***

11:06

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.

APA-nın məlumatına görə, müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak edir.

İclasda yeni hazırlanan “Media haqqında” qanun layihəsi ilə bağlı fikirlər dinləniləcək.

loading...
Diaspora