İnsanların məşğulluq problemlərinin həlli istiqamətində son illər Naxçıvan Muxtar Respublikasında geniş layihələr həyata keçirilir. Bu çərçivədə növbəti əmək yarmarkalarının keçirilməsinə avqust ayının 18-dən başlanılacaq.
AZƏRTAC xəbər verir ki, ilk əmək yarmarkası həmin gün Sədərək rayonunda təşkil olunacaq. Kəngərli rayonunda işaxtaranlar əmək yarmarkasına avqustun 19-da müraciət edə biləcəklər. Şahbuz rayonunda keçiriləcək əmək yarmarkası isə ondan bir gün sonra – avqustun 20-də təşkil ediləcək.Culfalı işaxtaran vətəndaşlar avqust ayının 21-də əmək yarmarkasında iştirak edəcəklər. Ordubadlılar isə bu tədbirə avqustun 25-də qatılacaqlar. Analoji tədbir Babək rayonunda avqustun 26-da, Şərur rayonunda isə avqustun 27-də reallaşacaq.
Naxçıvan şəhərindəki işaxtaranlar isə vakant iş yerləri haqqındakı məlumatlarla avqustun 28-də “Gənclik” Mərkəzində təşkil olunacaq əmək yarmarkasında tanış ola biləcəklər.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir. Məşğulluq problemlərinin həllində ildə 4 dəfə təşkil edilən əmək yarmarkalarının da böyük rolu var.