Qazax rayonunda “Günərzi Qayğı Mərkəzi” yaradılıb

Qazax rayonunda “Günərzi Qayğı Mərkəzi” yaradılıb backend

“Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyilə Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti layihəsini icra edir.



“Əlil Qadın” Cəmiyyətinin rəhbəri Məhluqə Rəhimova AZƏRTAC-a bildirib ki, doqquz ay müddətində keçiriləcək layihə çərçivəsində Qazax rayonunda “Günərzi Qayğı Mərkəzi” yaradılıb. Orada 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə iki dəfə yeməklə və yataqla təmin edilirlər.

M.Rəhimova qeyd edib ki, “Günərzi Qayğı Mərkəzi”nə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Mərkəzdə məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılıb, onların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşğələlər təşkil edilir.

Bildirilib ki, valideynlərlə söhbətlər aparılıb, təlimlər keçirilib, müvafiq məsləhətlər verilib və onların problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılıb, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınıb. 37 uşağın valideyni isə ailə vəziyyətləri cətin həyat şəraitində olduğu üçün uşaqlarının Qazax rayon “Günərzi Qayğı Mərkəzi”nə götürülməsinə dair yazılı müraciət ediblər.

Layihə çərçivəsində “Günərzi Qayğı Mərkəzi”nə sosial xidmətə götürülmüş uşaqların valideynləri, eləcə də həmin ərazidə yaşayan əhali üçün buklet hazırlanıb və həmin bukletə layihənin məqsədi, vəzifələri, layihə çərçivəsində görüləcək işlər barəsində, layihə üzrə fəaliyyəti əks etdirən fotoşəkillər və sosial xidmət qanunvericiliyinin ümumi müddəaları haqqında məlumatlar daxil edilib.
Diaspora