"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Qeyd edək ki, Bakıdakı 282 saylı məktəbdə sagirdin sinifdə şalvarını çıxarması, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etməsi, müəllimələri söyməsi, məktəbə bıçaq gətirib hamını hədələməsi haqda xəbər dərc edilib. Bu barədə jurnalist Natiq Muxtarlı məlumat verib. O qeyd edib ki, polisə müraciət olunur, anası məktəbə hücum çəkərək polisi də söyüb təhqir edir.
Jurnalist bildirib ki, polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür: "Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər sabah məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər".