Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

 Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır backend

Vəkil Bəhruz Bayramov noyabrın 29-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhbus Saleh Rüstəmova baş çəkib. “Turan”ın məlumatına görə, vəkil məhbusla görüşdən sonra bildirib ki, aclıq aksiyasını davam etdirən Saleh Rüstəmovun vəziyyəti çox ağırlaşıb: “Oynaqlarında şiddətli ağrılar başlayıb. Güclə yeriyir. Sudan da imtina edib quru aclığa keçməyə hazırlaşır. Həkimlərin sözlərinə görə, Saleh Rüstəmov quru aclıq aksiyasına keçərsə, komaya düşə bilər və onu xilas etmək mümkün olmaz”.

Bəhruz Bayramov Saleh Rüstəmovun işinə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət etdiyini xatırladıb.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

1997-ci ildə Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

loading...
Diaspora