Ermənilərin girov saxladığı azərbaycanlının məsələsi diqqətdə!

Ermənilərin girov saxladığı azərbaycanlının məsələsi diqqətdə! backend

Gürcüstanın bütün hüquq-mühafizə orqanları hadisədən xəbərdardırlar. Ermənistan sərhədçiləri iyulun 23-də Ermənistanın Cücə kəndində saxlanılan Faxralı kənd sakini, 1980-ci il təvəllüdlü azərbaycanlı Turqay Mikayılovun sənədlərini tələb ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu T. Mikayılovun bacısının həyat yoldaşı Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, dünən Bolnisi rayonundan gələn müstəntiq hadisənin təfərrüatlarını öyrənib və şahidləri dindirib: "Dünən hamımızı danışdırıblar. Turqayın xarici pasportunu, şəxsiyyət vərəqəsini və doğum haqqında şəhadətnaməsini Ququti adlanan gömrük məntəqəsinə apardım. Onlar da sənədlərin surətini Ermənistan sərhədçilərinə verdilər".

Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili isə Dmanisinin Yırğançay kəndində baş verən hadisədən xəbərdar olduğunu və bu barədə araşdırma aparıldığını bildirib: "Biz hadisəni nəzarətə götürmüşük. Gürcüstanın bütün hüquq-mühafizə orqanları hadisədən xəbərdardırlar. İndi faktları dəqiqləşdiririk. Çalışacağıq ki, vətəndaşımıza lazımi kömək edək".

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Bildirilib ki, o, 2 ay İrəvanda saxlanıldıqdan sonra Gürcüstana təhvil veriləcək.
Diaspora