Canlı əfsanə Hacı Əkbər Rüstəmovun “Vətən” kitabı və ona həsr edilmiş poema təqdim olundu – FOTO

Canlı əfsanə Hacı Əkbər Rüstəmovun “Vətən” kitabı və ona həsr edilmiş poema təqdim olundu – FOTO backend

Noyabrın 26-da şəhid atası, Qarabağ qazisi, canlı əfsanə Hacı Əkbər Rüstəmovun “Vətən” kitabı və Şahlar Baba Şuşalının ona həsr etdiyi “Canlı əfsanə” poeması təqdim olunub.

Musavat.com bildirir ki, “Azərkitab” təbliğat mərkəzində keçirilən təqdimatda millət vəkili, yazıçı Aqil Abbas, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, məşhur gitara ifaçısı Rəhman Məmmədov, “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı, qazi jurnalist Rey Kərimoğlu, Qarabağ qaziləri, yazıçılar və digərləri ictimai şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan tarixçi alim Nazim Tapdıqoğlu qeyd edib ki, “Vətən” kitabı Hacı Əkbər Rüstəmovun cəbhə gündəliyi əsasında yazılıb:

“Kitabda müəllifin Birinci Qarabağ müharibəsi ərəfəsindəki qeydləri, doğulub boya-başa çatdığı Ağdam rayonunun işğalda olduğu dövrlərdə yazdığı gündəlikdəki yazıları, mətbuatda dərc edilər esseləri, həmçinin onun haqqında tanınmış jurnalistlərin məqalələri toplanıb.

Məlum olduğu kimi Əkbər müəllim oğlanları Sənan, Kənan və Sarvanla birlikdə Qarabağda döyüşüblər. Bu baxımdan Əkbər Rüstəmovun həyatı nəinki ağdamlılar, qarabağlılar, bütün Azərbaycan üçün nümunədir.

Şahlar Baba Şuşalıya da çox təşəkkür edirik ki, canlı əfsanəyə “Canlı əfsanə” adlı iki hissəli poema həsr edib”.

Daha sonra “Vətən kitabı”nın tərtibçisi və redaktoru Elşən Əliyev çıxış edərək bildirib ki, kitabda dərc edilən qeydlər gələcək nəsillər üçün də çox vacibdir:

“Əkbər müəllimlə artıq ikinci kitabdır ki, birlikdə hazırlayırıq. İkinci kitabı da “Qapımı Vətən döydü” adlanırdı. Əkbər müəllim zamanında səngərdə, müharibədə gördüklərini, eşitdiklərini öz gündəliyində qeyd edib və bu qeydləri indi kitab şəklinə salıb. Bu baxımdan bu kitab da gələcək nəsillər üçün çox vacibdir. Əkbər müəllim həqiqətən əfsanə adamdır. O, kitabda nə yazıbsa vətən naminə yazıb, ona görə də kitabın adı “Vətən” adlanıb. Əkbər müəllim övladları ilə bu torpaq üçün döyüşüb, şəhid verib və nə gözəl ki, bu torpaqların azadlığını görə bildi. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Millət vəkili, yazıçı Aqil Abbas isə xatırladıb ki, zamanında özünün məşhur “Dolu” əsərində Hacı Əkbər Rüstəmovun obrazını yaradıb:

“Hər kəs bilir ki, “Dolu”nu yazanda Hacı Əkbər Rüstəmovun obrazını da yaratmışam. Əsərdə Əkbər Rüstəmov müəllim obrazındadır. Əkbər Rüstəmov müharibədə öz oğlanları ilə döyüşüb. Diqqət edin, həm oğlun, həm də sən döyüşəsən. Bu, çox ağır məsələdir və bunun ağırlığını yalnız Əkbər Rüstəmovun özü daha yaxşı bilir. Əkbər Rüstəmovu 53 ildir ki, tanıyıram. O, həqiqətən də əfsanə adamdır”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə Hacı Əkbər Rüstəmovun həm də çox gözəl yazar olduğunu vurğulayıb:

“Çox şükürlər olsun ki, Əkbər müəllim bu kitabını Ağdamın Azərbaycana və ağdamlılara qayıtdığı bir zamanda qələmə aldı və onun təqdimatını keçirdi. Xatırlayıram ki, 2019-cu ilin fevral ayında Əkbər Rüstəmov qəzetimizin redaksiyasında müsahibə verərkən “Ağdamda döyüşüb şəhid olmaq istəyirəm, burada ölmək istəmirəm!” deyib, üsyan püskürdü. Sevdiyi bəndə olduğu üçün Allah ona bu fürsəti verdi və o, Ağdamın işğaldan azad olunmasını gördü. Özünün təkrar döyüşməsinə ehtiyac yaranmadı, onun övladları sayılan gənclər döyüşdülər, qan tökdülər, şəhid, qazi oldular, torpaqlarımızı, Qarabağımızı, daha sonra isə Ağdamı qaytardılar.

Əkbər müəllim, siz böyük, əfsanə, nümunə adamsınız. Bütün yaxşı epitetlərin hamısına sizin adınız layiqdir. Siz şəhid atasısınız, bunun üçün sizin əliniz öpülməlidir. Eyni zamanda da çox gözəl yazarsınız. Kitabınıza baxdım, o qədər gözəl yazı texnikası, təsvirlər var, deyə bilərəm ki, bu, təkcə kitab deyil, həm də bir filmin süjetdir. Əgər vəsait ayrılsa və Hollivuddan və yaxud başqa yerlərdən heyət alına bilsə, Qarabağla bağlı çox gözəl film alınmış olar.

Əkbər müəllim Qarabağ hadisələrini yaşamış, görmüş, itki vermiş, övlad itkisi ilə yanaşı vətən, yurd itkisini illərlə, 10 min gün içində daşımış insandır. Bu, çox ağırdır...

Əkbər müəllimə Allah ömür versin ki, bundan sonra da yaradıcılığına davam etsin”.

“Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı, qazi jurnalist Rey Kərimoğlu, gitara ifaçısı Rəhman Məmmədov və digərləri də çıxış edərək, Hacı Əkbər Rüstəmovla bağlı xatirələrini bölüşüb, övladları ilə birgə keçdiyi döyüş yolundan söz açıb, real hadisələrin əks olunduğu “Vətən” kitabının əhəmiyyətindən danışıblar.


Hacı Əkbər Rüstəmov yeni çapdan çıxan “Vətən” kitabı haqqında öz təəssüratlarını Musavat.com-a bildirib. O qeyd edib ki, bu günə qədər qeydləri əsasında üç kitabı nəşrdən çıxıb:

“Bu, mənim üçüncü kitabımdır. Kitabda bir əsgərin vətənlə bağlı duyğuları, real baş verən hadisələri qeyd etmişəm. Müharibə zamanı dəftərdən ibarət bir gündəlik tutmuşdum. Orada gördüklərimi, xatirələrimi qeyd edirdim. Elə anlar, tarixlər var ki, zaman keçdikcə biz onu unuduruq və bu, təbiidir. Düşünürəm yaxşı ki, zamanında həmin qeydləri etmişəm, yoxsa bu gün onları kitab şəklinə sala bilməzdim.

Buna qədər olan kitablarımda da döyüş səhnələri, mənimlə döyüşənlərin adları, xatirələri əks olunmuşdu. “Vətən” kitabımı da yazmaqla demək istədim ki, vətəni unutmaq olmaz.
Çox istərdim ki, 44 günlük Vətən müharibəsində iştirak edən qazilərimiz də öz xatirələrini, qeydlərini yazsınlar. Müharibə tarixdir, o tarixi təhrif etmək olmaz, onu olduğu kimi yazmaq lazımdır”.

Xatırladaq ki, Hacı Əkbər Rüstəmov Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman işçisidir. O, 1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulub. AXC-nin yerli təşkilatının fəallarından olub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib.
1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub. Oğul itkisi Əkbər müəllimin döyüş ruhunu sarsıda bilməyib.
O, 1993-cü ilin mart ayının 1-də Ağdam Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini təyin olunub. Ancaq 1993-cü ilin 22 iyulunda Bakıda olduğu vaxt Ağdam cəbhəsində yaranan vəziyyətlə əlaqədar oğlanları Sarvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov hamını səfərbərliyə çağırıb və döyüş bölgəsinə yollanıb. Bundan sonra müxtəlif hissələrdə xidmət edən komandir 4 oktyabr 1995-ci ildə ordudan tərxis olunub.

Diaspora