Şamaxıda Şəhid İsaxan Qəniyevin adına asılmış bulağın açılışı olub - FOTO

Şamaxıda Şəhid İsaxan Qəniyevin adına asılmış bulağın açılışı olub -  FOTO backend

44 günlük vətən müharibəsi zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər.

Onlardan biri də şəhid Gizir İsaxan Qəniyevdir. Şüacəti, mərdliyi ilə dillərə dastan olan şəhid İsaxan fəxrlə yad edilir... 

Sentyabrın 25-də Şamaxı şəhərində şəhid gizir İsaxan İsamxan oğlu Qəniyevin adına asılmış bulağın açılışı olub.

Qaziler.az Şəffaflıq.az-a istinadla xəbər verir ki, açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-nin digər məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, müəllimlər, din xadimləri, o cümlədən "Qarabağ qaziləri" İB-nın Şamaxı rayon üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəhrəmanımızın keçdiyi həyat yolunu, onun vətən sevgisini ailəsindən dinlədik. Döyüş zamanı 28 erməni əsgərini öldürərək şəhidlik zirvəsinə ucalan İsaxan ailəsinin qürur mənbəyidir. 8 ildir ki, vətən torpaqlarını qoruyan şəhidimiz, hər zaman torpaqlarımızın alınacağı günün uzaqda olmadığını deyirmiş. Onun ən böyük arzusu isə bu amal uğrunda savaşmaq olub. İndi İsaxan təkcə ailəsinin deyil, bütün Azərbaycanın qəhraman övladına çevrilib. Adına şeirlər yazılır, qəhrəmanlığı şücaəti, dillərdə dolaşır..

Qeyd edək ki, Azərbaycan ordusunun  giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında  dəfn olunub.

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən Uğrunda"medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra  "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.

Diaspora