Bakıda qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib - FOTO/VİDEO

Bakıda qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib -  FOTO/VİDEO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunmuş Qarabağ müharibəsi qazilərinin “Zəfər” avtoyürüşü təşkil olunub.

Nazirlikdən Qazilər.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. Sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət edilib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında yekunlaşıb.

Avtoyürüşdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi. Cəmi 44 gün ərzində dünya hərb tarixinə misilsiz döyüş nümunəsi kimi həkk olunan uğurlu hərbi əməliyyatlar keçirdi, doğma yurd yerlərimizi Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad etdi. Bu gün, 25 noyabr, eyni zamanda, tarixi Zəfərimizin məntiqi nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanata əsasən, daha bir yurd yerimizin - Kəlbəcərin hərbi əməliyyat keçirilmədən azadlığına qovuşduğu gündür. Xalqımız artıq doğma Kəlbəcərimizin azad edilməsinin birinci ildönümünü böyük sevinclə qeyd edir.

H.Abdullayev Nazirliyin təşkil etdiyi, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şərəfli döyüş yolu keçmiş igid qazilərimizin Nazirlik tərəfindən onlara verilmiş avtomobillərlə iştirak etdiyi bu avtoyürüşün də möhtəşəm Zəfərimizə həsr olunduğunu vurğulayıb.

Qeyd edib ki, “Zəfər” avtoyürüşü əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərmiş qazilərimizə yüksək dövlət qayğısını da ifadə edir. Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərimizlə bağlı geniş miqyaslı dəstək işləri aparılır. Artıq 33 min şəxs bu dəstək işləri ilə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixolji dəstək və s. istiqamətlərdə dəstək göstərilib və hazırda da bu işlər davam edir.

Nazir müavini şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının 2021-ci ildə 5 dəfə genişləndiyini deyib. Bildirib ki, təkcə bu il həmin kateqoriyalardan olan vətəndaşlarımıza 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1900 mənzil təqdim edilib. Ümumlikdə indiyədək 11100 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunub.

Bildirilib ki, bu il 150, ümumən indiyədək isə 7350 müharibə əlili dövlət tərəfindən minik avtomobilləri ilə təmin edilib. Onların sırasında 44 günlük Vətən müharibəsinin qaziləri də var ki, bu günkü “Zəfər” avtoyürüşündə onlar da iştirak edirlər.

*****

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

"Report" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Nazirlik yürüşdə iştirak edən qaziləri avtomobillərlə təmin edib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

loading...
Diaspora