Ombudsmanın təşəbbüsü ilə “Sülh aylığı” keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə “Sülh aylığı” keçiriləcək backend

Sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bununla əlaqədar, ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirilir.



Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, E.Süleymanova “Sülh aylığı” keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP-nin) 4.10-cu bəndində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” təsbit olunub.

Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatlar ombudsmana təqdim ediləcək.

Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Diaspora